RU

Hantavirus yayılmasının əsas səbəbi açıqlanıb

Mütəxəssislər bildirirlər ki, hantavirus infeksiyasının yayılması əsasən vəhşi gəmiricilərin sayının artması ilə əlaqədardır.

Editor.az xəbər verir ki, İtaliyanın Venesiya şəhərində fəaliyyət göstərən Eksperimental Zooprofilaktika İnstitutunun səhiyyə direktoru Covanni Kattolinin sözlərinə görə, virusun yayılması iqlim şəraiti və qida əlçatanlığından birbaşa asılıdır.  

Ekspert qeyd edib ki, gəmiricilər hantavirusun təbii daşıyıcıları hesab olunur. Onların populyasiyası artdıqca virusun insanlar arasında yayılma riski də yüksəlir. Müxtəlif virus növlərinin dünyanın fərqli bölgələrində yayılması isə həmin ərazilərdə yaşayan gəmirici növlərindən asılıdır.  

Məlumata görə, hantavirus hazırda Amerika, Avropa, Asiya və Afrikada vəhşi gəmiricilər arasında dövri şəkildə yayılmağa davam edir. Mütəxəssislər hesab edirlər ki, infeksiyanın alovlanmaları müəyyən dövrlərdə təkrarlanır və bu proses təbiətdəki dəyişikliklərlə sıx bağlıdır.  

Xatırladaq ki, 2026-cı ilin aprel-may aylarında Atlantik okeanı üzərindən Argentina istiqamətindən Kabo-Verdeyə hərəkət edən “MV Hondius” kruiz gəmisində üç sərnişin hantavirus səbəbindən həyatını itirib. Onlarda ağır tənəffüs yolu infeksiyası simptomları müşahidə olunub.  

Mütəxəssislər hantavirus barədə məlumatlılığın artırılmasının vacibliyini vurğulayır və xüsusilə vəhşi gəmiricilərlə təmasdan ehtiyatlı olmağı tövsiyə edirlər.

//Gülnarə Abasova, Editor.az

Избранный
16
editor.az

1Источники