RU

ADAU-da keçirilən 18-ci Karyera Sərgisi təhsil ilə əmək bazarı arasında qurulan strateji körpüdür -Fotolar



Müasir dünyada ali təhsil anlayışı artıq yalnız auditoriyalarda nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır. Qloballaşma, rəqəmsal transformasiya və əmək bazarında baş verən sürətli dəyişikliklər universitetlərin qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu gün ali təhsil müəssisələri yalnız mütəxəssis yetişdirməklə kifayətlənmir, eyni zamanda əmək bazarının tələblərinə cavab verən, innovativ düşüncəyə malik, praktik bacarıqları formalaşmış və rəqabət qabiliyyətli insan kapitalı hazırlamağa çalışır. Dünyanın aparıcı təhsil sistemlərinin təcrübəsi göstərir ki, təhsilin keyfiyyəti ilə məşğulluq göstəriciləri arasında birbaşa əlaqə mövcuddur. Universitet–işəgötürən əməkdaşlığı isə bu prosesin əsas dayaqlarından biri hesab olunur. Məhz bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan 18-ci Karyera Sərgisi növbəti dəfə təhsil ilə əmək bazarı arasında mühüm əməkdaşlıq platforması kimi diqqət mərkəzində olub. Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, özəl sektor təmsilçiləri, işəgötürən şirkətlər, universitet rəhbərliyi, tələbə və məzunların iştirakı ilə keçirilən tədbir gənclərin gələcək peşə həyatına doğru atdığı mühüm addımlardan biri kimi yadda qalıb.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca çıxış edənlər karyera sərgilərinin müasir dövrdə təhsil sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini, gənclərin peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıblar.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında bildirib ki, ali təhsil müəssisələrinin missiyası artıq yalnız tələbələrə nəzəri biliklərin verilməsi ilə məhdudlaşmır. Müasir dövrdə ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və onların əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasıdır. Xüsusilə aqrar sahənin ölkənin strateji inkişaf istiqamətlərindən biri hesab olunması bu sahədə peşəkar insan kapitalının yetişdirilməsini daha da aktuallaşdırır. Bu gün aqrar sektor əvvəlki ənənəvi çərçivələrdən çıxaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar istehsalatda rəqəmsal texnologiyalar, süni intellekt sistemləri, ağıllı kənd təsərrüfatı modelləri, innovativ idarəetmə mexanizmləri və müasir istehsal üsulları geniş tətbiq olunur. Bu dəyişikliklər isə yalnız nəzəri hazırlıqla kifayətlənməyən, texnoloji yenilikləri mənimsəyən və çevik düşünmə bacarığına malik mütəxəssislərə olan ehtiyacı artırır.

Tədbirdə çıxış edən digər qonaqlar da gənclərin məşğulluğunun təmin olunması, universitet–işəgötürən əlaqələrinin gücləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətindən danışıblar. Bildirilib ki, müasir əmək bazarında uğur qazanmaq üçün yalnız diplom kifayət etmir; peşəkar bacarıqlar, kommunikasiya qabiliyyəti, komanda ilə işləmək vərdişləri və praktiki təcrübə də əsas amillər sırasında yer alır. Karyera sərgilərinin əsas mahiyyəti də məhz bu nöqtədə özünü göstərir. Belə tədbirlər tələbələrin hələ universitet illərində iş dünyası ilə birbaşa əlaqə yaratmasına imkan verir. Gənclər burada öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirir, işəgötürənlərin gözləntilərini öyrənir, təcrübə proqramları və vakansiyalar haqqında məlumat əldə edir, eyni zamanda ilk peşəkar əlaqələrini formalaşdırırlar. Bu proses gələcək əmək fəaliyyətinə keçidin daha hazırlıqlı və məqsədyönlü şəkildə həyata keçirilməsinə şərait yaradır.
ADAU-da keçirilən sərgi çərçivəsində tələbə və məzunlar 100-ə yaxın şirkət və müəssisənin stendləri ilə tanış olub, müxtəlif sahələri təmsil edən işəgötürənlərlə görüşlər keçiriblər. İştirakçılara 900-dən çox vakansiya təqdim olunub, müxtəlif təcrübə proqramları və karyera imkanları barədə məlumat verilib, bəzi şirkətlər tərəfindən ilkin müraciətlər də qəbul olunub. Bu göstəricilər sərginin yalnız tanışlıq xarakteri daşımadığını, həm də real məşğulluq imkanları yaradan mühüm platformaya çevrildiyini göstərir. Çünki müasir əmək bazarında uğur yalnız alınan nəzəri biliklərlə deyil, həmin biliklərin praktik tətbiqi, peşəkar hazırlıq səviyyəsi və dəyişən şəraitə uyğunlaşma bacarığı ilə ölçülür.

Sərginin sonunda qonaqlar Gəncə Dövlət Aqrar Kolleci, ADAU-nun İnnovasiyalar Mərkəzi və ADAU TV internet televiziyasının müasir studiyası ilə də tanış olublar. Bu isə universitetin yalnız təhsil verən bir müəssisə deyil, eyni zamanda tələbələrin yaradıcılıq, innovasiya və praktik fəaliyyət mühitində formalaşmasına xüsusi diqqət ayıran inkişaf mərkəzi olduğunu nümayiş etdirib.

Müasir dövrün çağırışları göstərir ki, insan kapitalına yatırılan sərmayə ölkələrin sosial-iqtisadi inkişafının əsas elementlərindən biridir. Təhsil müəssisələri ilə əmək bazarı arasında qurulan davamlı əlaqələr isə bu sərmayənin səmərəli nəticələr verməsində mühüm rol oynayır. ADAU-da keçirilən 18-ci Karyera Sərgisi bir daha sübut etdi ki, universitetlərlə iş dünyası arasında əməkdaşlıq nə qədər güclü olarsa, gənclərin gələcəyə inamla addımlaması, peşəkar potensialını reallaşdırması və ölkənin inkişafına töhfə verməsi də bir o qədər mümkün olacaq. Belə təşəbbüslər yalnız vakansiyaların təqdim olunduğu platforma deyil, həm də gələcəyin uğurlu və peşəkar kadrlarının formalaşdırıldığı mühüm inkişaf məkanlarıdır.
Qalib Rəhimli.



Избранный
32
aia.az

1Источники