RU

Arif Hacılı: “Etibar Məmmədov hakimiyyətə qarşı ağır ittihamlar irəli sürərək qiyama və Surət Hüseynova açıq dəstək verdi”

Son günlərdə həqiqətlərdən və siyasi etikadan uzaq olan bəzi yazılar oxuyuram. Gerçək tarixi hadisələrin hələ yaddaşlardan silinmədiyini və belə uydurmalara dəfələrlə cavab verildiyini nəzərə alaraq, yenidən deyilənləri və yazılanları təkrar etmək istəmirəm. Haqqımda deyilən bəzi məsələlərə isə aydınlıq gətirməyim vacibdir. 1993-cü il 4 iyun qiyamı günlərində Etibar Məmmədovla əvvəl onun, sonra isə mənim təşəbbüsümlə dəfələrlə telefon danışığımız olub. Gəncədən qayıtdıqdan sonra isə öz təşəbbüsümlə və prezident Elçibəyin razılığı ilə AMİP qərargahına gedib Etibar Məmmədovla görüşmüşəm. Həmin günlərdə Azərbaycanın taleyinin həll olunduğunu, Surətin qiyamı uğurla yekunlaşarsa, dövlətimizin və xalqımızın başına hansı fəlakətlərin gələcəyini, legitim prezident hakimiyyətinin qorunmasının şəxsi olaraq Elçibəy üçün yox, mövcud hakimiyyət üçün yox, dövlət və Azərbaycan üçün nə qədər vacib olduğunu ona izah etməyə çalışmışam”.

 

Pravda.az-ın xəbərinə görə, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri vəzifəsində çalışmış, Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bildirib.

 

A.Hacılı qeyd edib ki, artıq Baş nazir vəzifəsinin müxalifətə təklif olunması barədə qərar qəbul edildikdən sonra, bu vəzifənin başqa birinə yox, məhz Etibar Məmmədova təklif edilməsinin təşəbbüskarı və əsas tərəfdarı olub: “Etibar Məmmədovdan isə istəyimiz yalnız qiyama dəstək verməmək və Elçibəyə, yəni legitim prezident hakimiyyətinə qarşı çıxmamaq olub. Amma belə olmadı. Etibar Məmmədov Gəncəyə - Surət Hüseynovun görüşünə getdi və oradan qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında hakimiyyətə qarşı ağır ittihamlar irəli sürərək qiyama və qiyam lideri Surət Hüseynova açıq dəstək verdi. Artıq Ermənistanda da daha çox etiraf edilməyə başlanıb ki, birinci Qarabağ müharibəsində Azərbaycanın üzərində qazanılan müvəqqəti qələbəni Robert Koçaryan, Samvel Babayan və erməni ordusu deyil, Surət Hüseynov və ona siyasi dəstək verən qüvvələr təmin edib. Görünür, zaman keçdikcə törətdiklərinin ağır nəticələrinin məsuliyyətini daha aydın dərk edənlər, tarix qarşısında məsuliyyətlərini anlayaraq çıxış yolları axtarmağa çalışır və üzərlərində olan silinməz ləkəni başqalarının üzərinə atmağa cəhd edirlər. Tarixi təhrif etmək olar, amma dəyişdirmək mümkün deyil”.

Tarix: 21 May 2026, 09:29   
Избранный
34
pravda.az

1Источники