RU

Binalar sökülən zaman ədalət prinsipi necə qorunur? - AÇIQLAMA

Son illər paytaxtın müxtəlif ərazilərində aparılan söküntü işləri zamanı vətəndaşlarla şirkət arasında narazılıqlar yaranır. Sakinlər onlara verilən kompensasiya məbləğinin bazar qiymətlərinə uyğun olmamasından şikayətlənirlər. Bəziləri isə pul əvəzinə tikilən yeni binadan mənzil verilməsini daha ədalətli hesab etsə də, bu tələb hər zaman nəzərə alınmır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak bazarı üzrə ekspert Anar Nəsirov bildirib ki, söküntü adətən iki mərhələli formada aparılır.

Onun sözlərinə görə, xüsusi şirkətlərin sökdüyü binalar zamanı vətəndaşlara verilən kompensasiya ilə dövlət əhəmiyyətli obyektlərin sökülməsi zamanı verilən ödənişin arasında fərqlər mövcuddur: “Bina tikən şirkətlər köhnə binanı sökür, yeni tikilən binadan sakinlərə mənzil və ya kompensasiya verir. Digər növə isə yolların, parkların salınması, tramvay xətlərinin çəkilməsi və s məqsədli tikinti işlərinin aparılması aiddir. Yəni dövlətə lazım olan ərazi alınırsa, bu, dövlət əhəmiyyətli obyekt hesab edilir. Burada dövlət bina tikib, gəlir götürmədiyi üçün insanlara müəyyən qaydada dəqiqləşdirilmiş kompensasiya verilir. Bunu isə dövlətin özü konkret olaraq müəyyənləşdirir. Çünki burada hər hansı gəlirdən söhbət getmədiyi üçün hansısa bazarlıqdan da bəhs edilə bilməz. Kompensasiya kvadrat metrə görə hesablanır və insanlara verilir. Özəl şirkətlər isə biznes məqsədli söküntü apara bilir, bina tikib gəlir əldə edə biləcəyi üçün mülk toxunulmazlığı səbəbi ilə vətəndaş müəyyən ödəniş qiyməti tələb edə bilərlər. Burada vicdan prinsipi rol oynayır. Vətəndaşlar bazar qiymətlərinə uyğun olaraq tikilən binadan ev və ya kompensasiya tələb edə bilərlər. Ancaq 30 kvadrat evi olanın bir milyon manat istəməsi reallığı əks etdirmir. Biznes məqsədli tikinti zamanı sakinin əlavə vəsait tələb etmək hüququ var, ancaq mövcud şərtlərə uyğun qiymətləndirmə olmalıdır. Digər söküntü işləri üzrə gəlir olmadığı, dövlət əhəmiyyətli obyekt olduğu üçün burada hər hansısa gəlir, kompensasiya tələb etmək hüququ yoxdur”.

 

A.Nəsirov qeyd edib ki, bina tikən şirkətlər tərəfindən binalar, fərdi yaşayış evlərinin söküntüsü adətən mərhələli formada aparılır: “İlk olaraq insanların yaşadığı mənzillərin sahəsinin şirkət tərəfindən ölçülüb əmlak sahibi ilə konkret olaraq sahənin müəyyənləşdirilməsidir ki, bu zaman razılıq əldə edilərsə, söküntü zamanı ikinci mərhələyə keçid edilir. Daha sonra qarşılıqlı anlaşma əsasında yerində tikiləcək binada mənzilin verilməsi təşkil edilir. Söküləcək və yerində tikiləcək bina hansı zamanda tikiləcəksə, burada mənzili sökülən vətəndaş həmin vaxt ərzində şirkət tərəfindən kirayə mənzillə təmin edilir və bu adətən 2 ilədək müddət alır. Bu bina tikilib vətəndaşa təmirli vəziyyətdə təhvil verilənədək qaldığı kirayə mənzilin pulunu şirkət ardıcıl olaraq ödəyir. Sonda şirkət vətəndaşla razılıq əldə edirsə, yeni tikilən mənzili təmir edib vətəndaşa təhvil verir və yaxud vətəndaşın burada ixtiyarı, hüququ var ki, həmin mənzili qarşılıqlı razılaşma əsasında 1 kvadrat metri üçün qoyulan təmir xərcini alsın, özü təmir etsin və ya kirayədə qalmaq pulunu almayıb əlavə kvadrat metr olaraq öz mənzilinə əlavə etdirsin. Vətəndaş istərsə, məsələn, kirayə çıxıb yaşamırsa, kirayə pulunu yatırım olaraq ona veriləcək kvadrata əlavə edərək ev sahəsini artıra bilər. Bu vətəndaşa verilən seçimdir. Təmir və kirayə pulunu almaya da bilər, əvəzində həmin binadan əlavə kvadrat və ya başqa mənzil ala bilər. Bu səbəbdən də söküntülər arasında fərq var. Problemlər daha çox qeyd dövlət əhəmiyyətli obyektlərin söküntüsü zamanı baş verir ki, bu da biznes sahəsi olmadığı üçün əlavə pulların alınması mümkün deyil”.

 

Ekspertin sözlərinə görə, bəzi çıxarışı olmayan evlər var ki, orada qalan sakinlərin də mənzil hüququ var və tikinti şirkətləri və ya dövlət nəzərə alaraq xüsusi mülkiyyət olmasa da insanların mənzil hüququnu tanıyır: “Sakinlərin çıxarışı olmayan evlərinə də qadağan olunmuş ərazilərdə tikilməyibsə, çox hallarda kompensasiya verilir. Qadağan olunmuş ərazilərdə çox zaman tikilən həyət evlərində qalanlara bəzən kompensasiya verilmir, ancaq əksər hallarda sənədi olmayan evlərdə qalanlara da hümanizm prinsiplərindən yanaşılaraq kompensasiya verilir”.

 

Şəhanə Quliyeva

Tarix: 21 May 2026, 09:05   
Избранный
46
pravda.az

1Источники