RU

Küçə ticarətinə “YAŞIL İŞIQ” – Kimlərə icazə veriləcək?

Məlum olduğu kimi, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş bağlanıb.

Sazişdə qeyd edilib ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar, sosialyönlü və dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Qarşıya qoyulan hədəflərdən biri də küçə ticarətinin tənzimlənməsidir.
 

Sazişə əsasən, yerli icra hakimiyyəti orqanlarının küçə ticarəti ilə məşğul olan şəxslər üçün layiqli iş şəraiti yaratması nəzərdə tutulur. Belə ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi məqsədilə küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən layiqli iş şəraitinin yaradılması istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.


Nəzərə alaq ki, son illər Bakıda və bölgələrdə küçə ticarəti ilə bağlı problemlər daha da qabarıq şəkildə özünü göstərir. Bir tərəfdən, küçə ticarəti ilə məşğul olan şəxslər qazanc əldə etmək və ailəsini dolandırmaq üçün bunu etdiklərini deyirlər. Digər tərəfdən, onlara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür.

Xüsusilə metro çıxışları, bazar ətrafı və insanların sıx hərəkət etdiyi ərazilərdə küçə satıcıları ilə aidiyyəti qurumlar arasında tez-tez narazılıqlar yaşanır.

Küçə ticarətin tənzimlənməsi niyə vacibdir?

Küçə ticarəti əslində sosial cəhətdən həssas insanlar üçün əlavə fürsətdir. İnsanlar uzağa getmədən və əlavə xərc çəkmədən həyətlərində və yaxud məhəlləyə yaxın ərazidə istədikləri kənd təsərrüfatı məhsullarını rahatlıqla və xeyli ucuz qiymətə əldə edə bilirlər. Halbuki bu məhsullar keyfiyyətinə görə də müsbət mənada fərqlənir.
 

Küçə ticarəti fermerlərinin fəaliyyətini stimullaşdırır. Məsələn hazırda bölgələrdə soğanın kiloqramı 5-10 qəpiyə təklif edilir. Amma paytaxt marketlərində soğanın bir kiloqramı 50-60 qəpiyə satılır. Problem ondadır ki, fermerlərin iri marketlərə çıxışı çətindir. Market sahibləri mal tədarükçüsündən böyük miqdarda depozit tələb edir. Hər fermerin də bu depoziti ödəməyə imkanı çatmır. Tədrükçü təşkilatların olmaması da fermerlərin işini xeyli çətinə salıb.


Amma əvvəllər fermerlər məhsullarını şəxsi avtomobillərinə yükləyərək şəhərə gəlir məhəllələrdə asanlıqla realizə edə bilirdilər. Nəticədə həm şəhər sakinləri ucuz və orqanik məhsullar əldə edirdi, həm də fermer qısa zamanda və az xərclə məhsulunu satıb geri dönürdü.

Ona görə də küçə ticarətinə yenidən “yaşıl işıq” yandırılması hər kəsin ürəyincədir. Çünki bu layihədə uduzan tərəf yoxdur.Təbii ki, bu məsələdə ən böyük məsuliyyət yerli icra hakimiyyətlərinin üzərinə düşür.

Küçə ticarətinin dünya təcrübəsi

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, küçə ticarəti ilə bağlı dünyada müxtəlif modellər var. Məsələn, Sinqapurda "hawker center" sistemi çərçivəsində dövlət satıcılara subsidiyalı, sanitariya standartlarına uyğun kiçik pavilyonlar ayırıb, vergi yükünü isə minimuma endirərək küçə ticarətinə şərait yaradır.
 

Meksikanın bir sıra şəhərlərində isə ticarət zonaları kooperativ əsasda təşkil edilir, satıcılar ortaq infrastrukturdan, soyuduculardan, anbarlardan birgə istifadə edir. Hindistanda 2014-cü ildə qəbul edilən küçə satıcıları qanunu onlara lisenziya verilməsini, müəyyən zonaların ayrılmasını və xidmətlərə çıxışı təmin edir.


Göründüyü kimi küçə ticarətinin tənzimlənməsinin dünya təcrübəsində uğurlu nümunələri var. Bu nümunələri və yerli reallıqları nəzərə alıb küçə ticarətinin tənzimlənməsi istiqamətində ən qısa zamanda böyük işlər görmək mümkündür.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
40
bizim.media

1Источники