RU

İnkişaf, sabitlik və enerji diplomatiyası

Azərbaycan yeni dünya nizamında unikal model ortaya qoyur

Müasir dünya nizamı bu gün tarixin ən mürəkkəb sınaqlarından keçir. Geosiyasi kataklizmlər və enerji böhranları fonunda dövlətlərin gücü yalnız onların resursları ilə deyil, həm də çevik, uzaqgörən və yeni çağırışlara adekvat cavab vermək bacarığı ilə ölçülür. Azərbaycan məhz belə bir mürəkkəb dövrdə yürütdüyü balanslı diplomatiya sayəsində Avrasiyanın enerji xəritəsini yenidən formalaşdıran əsas aktora və qlobal təhlükəsizliyin qarantına çevrilib. Ölkəmizin qazandığı bu nüfuz təsadüfi deyil. Bu, milli maraqlara söykənən strateji kursun və müasir dünyanın tələbləri ilə ayaqlaşan inkişaf modelinin məntiqi nəticəsidir.

Yeni qaz yatağı, yeni imkanlar

Prezident İlham Əliyevin mayın 18-də "Euronews" televiziyasına müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın dünyanın enerji xəritəsindəki rolu illər öncə atılan doğru addımlara əsaslanır: "Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - "Cənub qaz dəhlizi"nin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib... ...Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik... ...Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır. Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik".

Azərbaycanın enerji siyasəti resurs ixracı ilə məhdudlaşmır, genişmiqyaslı əməkdaşlıq platforması xarakteri daşıyır. Hazırda 12 Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycandan qaz alması rəsmi Bakının qlobal enerji arxitekturasındakı əhəmiyyətli yerini göstərir. "Cənub qaz dəhlizi" vasitəsilə qurulan bu bağlar həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələr üçün qarşılıqlı uduşlu bir vəziyyət yaradıb.

Prezident İlham Əliyev sözügedən müsahibəsində qarşılıqlı əməkdaşlığın tərəflər üçün əhəmiyyətini belə şərh edib: "Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq". 

Bu strateji tərəfdaşlığın davamı olaraq Prezidentdən gələn yeni müjdə isə Azərbaycanın enerji potensialının hələ yeni zirvələrə çatacağını xəbər verir. "Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik", - deyə dövlətimizin başçısı bildirdi.   

Bu xəbər Azərbaycanın enerji potensialının hələ tam istifadə olunmadığını və qarşıdakı illərdə hasilat həcminin daha da artacağını göstərir. Yeni yatağın istifadəyə verilməsi təkcə iqtisadi mənfəət deyil, həm də Azərbaycanın qlobal enerji bazarındakı mövqeyinin daha da möhkəmlənməsi anlamına gəlir. 

Sıfırdan yaradılan kənd və şəhərlər

Bu gün Azərbaycan qlobal miqyasda söz sahibi olan qüdrətli dövlət kimi tanınır. Ölkəmizin bu cür sürətli inkişafı dünyada gedən proseslərə və müasir zamanın bütün tələblərinə cavab verir. O cümlədən sıfırdan yaratdığı modern şəhər və kəndləri ilə nümunə ortaya qoyur.  

Prezident İlham Əliyevin "Euronews" televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bu uğurlu yolun fəlsəfəsini bir daha aydın şəkildə göstərir: "Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq... ...Hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər".

Prezidentin vurğuladığı bu misilsiz təcrübə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərdə özünü göstərir. Dağıdılmış ərazilərin bərpası, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi Azərbaycanın gələcəyə baxışının təzahürüdür. Mərhələli yanaşma və paralel inkişaf sayəsində artıq 85 min insanın Qarabağ və Şərqi Zəngəzurda yaşaması, işləməsi və təhsil alması bu böyük prosesin real nəticəsidir.

İnfrastruktur layihələri, tunellər, körpülər və xüsusilə hidroenerji güclərinin bərpası regionun gələcək onilliklər üçün enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu addımlarla dünyaya göstərir ki, ən çətin şəraitdə belə sıfırdan müasir şəhər və kəndlərin  quruculuğu mümkündür.

Azərbaycan bu gün həm enerji marşrutlarının şaxələndirilməsi, həm də milli inkişafın unikal modelini yaratması ilə dünyanın diqqət mərkəzindədir. Milli maraqlara söykənən daxili sabitlik və uzaqgörən xarici siyasət ölkəmizi gələcək onilliklərin mümkün böhranlarından qorumaqla yanaşı, onu dünyanın ən stabil və qüdrətli dövlətlərindən biri kimi möhkəmləndirir.

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Избранный
30
azerbaijan-news.az

1Источники