RU

Ermənistanın iki istiqamətli siyasəti: Avropa arzusu, Rusiya reallığı- ÖZƏL

Ararat Mirzoyan bildirib ki, Ermənistanın Rusiya ilə münasibətləri pozmaq niyyəti yoxdur və mövcud problemlər dialoq yolu ilə həll edilməlidir. O, həmçinin İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirəcəyini, lakin eyni vaxtda həm AİB, həm də Aİ üzvlüyünün mümkün olmadığını qeyd edib.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Burada Ermənistan balans siyasətindən daha çox Avropa İttifaqı ilə yaxınlaşma siyasətini izləyir. Amma faktiki olaraq Ermənistan anlayıb ki, Rusiya ilə münasibətlərin korlanması həm mövcud hakimiyyət üçün problemlər yarada bilər, həm də Ermənistan iqtisadiyyatı üçün əlavə yükə səbəb ola bilər. Çünki Rusiya ilə ticarət əlaqələrinin itirilməsi Ermənistanın iqtisadiyyatına ciddi zərbə vura bilər.
Eyni zamanda Ermənistana Rusiyadan göndərilən valyuta axını ilə bağlı problemlər yarana bilər. Bütün bunlardan Ermənistan müəyyən mənada məhrum ola bilər və bu da ciddi problemdir.
Digər tərəfdən, Rusiyada çox sayda erməni miqrant yaşayır, onların sayı milyonlarla ölçülə bilər. Rusiya bu miqrantlar vasitəsilə Ermənistana təsir göstərə bilər. Həmçinin erməni oliqarxları və müxtəlif əlaqələr üzərindən Ermənistan siyasətinə təsir etməyə çalışa bilər və artıq bunu edir. Məsələn, seçki məsələsində biz görürük ki, Rusiyanın da müəyyən rolu var.
Mənə görə, indiki şəraitdə Ermənistan hakimiyyəti xüsusilə Rusiyanın seçkilərə müdaxiləsindən və Ermənistana iqtisadi-siyasi təzyiq göstərə biləcəyindən çəkinir. Ona görə də Rusiya ilə münasibətləri müəyyən qədər normallaşdırmağa çalışır. Açıq şəkildə bildirirlər ki, problemlər var, amma bunları konstruktiv yollarla həll etmək istəyirlər. Çünki Ermənistan Rusiya ilə birbaşa qarşıdurmaya getmək istəmir və Rusiyanın iqtisadi-siyasi təzyiqlərindən ehtiyat edir. Amma eyni zamanda Ermənistan artıq anlayır ki, yol ayrıcındadır. Yəni həm Avropa İttifaqı, həm də Avrasiya İttifaqı ilə paralel şəkildə iqtisadi inteqrasiyanı davam etdirmək çətin olacaq. Açıq şəkildə də bildirirlər ki, Avropa İttifaqı ilə yaxınlaşmanı davam etdirmək istəyirlər. Yəni Ermənistanın, xüsusilə Paşinyan hakimiyyətinin seçimi Avropa İttifaqıdır. Ona görə də burada əslində balans siyasətindən daha çox Ermənistanın Avropa ilə inteqrasiyaya çalışdığını görürük. Sadəcə, Rusiya ilə münasibətləri də normal səviyyədə saxlamaq və Rusiyanın hədəfinə çevrilməmək istəyirlər. Amma xüsusilə hazırkı seçki prosesində Rusiya birbaşa aktiv şəkildə proseslərə təsir etməyə çalışır və Paşinyan hakimiyyətinə qarşı olan qüvvələri dəstəkləyir. Ermənistan hakimiyyətinin Rusiyanı balanslaşdırmaq və ya onunla açıq qarşıdurmadan yayınmaq siyasətinin nə qədər uğurlu olacağını demək çətindir. Çünki faktiki olaraq Rusiya bu məsələdə Paşinyanın alternativlərini dəstəkləyir. Əgər Ermənistan Avropa İttifaqına inteqrasiya kursunu davam etdirərsə, bu, Rusiyanın maraqlarına zidd olacaq. Ermənistanın Avrasiya İttifaqında, KTMT-də və digər Rusiya yönümlü platformalarda iştirakının davam etməsi Rusiyanın maraqları baxımından vacibdir. Bütün bunların əksi isə Rusiyanın regional və qlobal siyasətinə zidd bir siyasi xətt hesab olunur. Buna görə də Paşinyanın hansısa formada Rusiya tərəfindən cəzalandırılması və Paşinyana qarşı olan qüvvələrə dəstək verilməsi ehtimalı gözlənilən görünür. Düşünürəm ki, Paşinyan istər Putinlə görüşlərdə, istərsə də digər açıqlamalarında maksimum şəkildə Rusiyanı sakitləşdirməyə çalışır. Amma bunu əldə etmək Paşinyan üçün çətin olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
olaylar.az

1Источники