RU

Bakı Qlobal Cənub üçün BMT-dən mandat istəyir

Azərbaycan inkişaf etməkdə olan ölkələrin əsas flaqmanlarından birinə çevrilir

Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir və bu səbəbdən ölkə regionun üzləşdiyi çətinlikləri başa düşür. Bunu Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan özü də oxşar çətinliklərlə üzləşdiyindən Qlobal Cənub ölkələrinin problemlərini, o cümlədən müstəmləkəçilik və neokolonializmin nəticələrini yaxşı başa düşür.

H.Hacıyev xatırladıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə neokolonializmə qarşı mübarizə Bakının prioritetlərindən biri olub. O, həmçinin Qlobal Cənubun BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təsisatlarda az təmsil olunduğunu bildirib və təşkilatın islahat prosesində bərabər təmsilçiliyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, son illərdə beynəlxalq münasibətlər müstəvisində Qlobal Cənub anlayışı təkcə coğrafi bölgünü deyil, eyni zamanda inkişaf etməkdə olan ölkələrin ortaq maraqlarını, iqtisadi yüksəliş ambisiyalarını və qlobal sistemdə daha böyük rol oynamaq istəklərini ifadə edir. Belə bir reallıqda Azərbaycan da formalaşan platformada  özünə öncül yer tutmaqda iddialıdır. 

Bu platforma daha çox təşəbbüskar, aktiv və strateji düşünən aktorları önə çıxarır. Azərbaycan isə bu prosesdə passiv müşahidəçi deyil, əksinə, imkanlarını düzgün dəyərləndirərək, fəal iştirakçıya çevrilməkdədir.  Azərbaycan bu yeni geosiyasi reallıqda çevik, məqsədyönlü və strateji addımlar atmaqdadır.

“Son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər "Qlobal Cənub" anlayışına da fərqli yanaşmanın formalaşmasına səbəb olub. Artıq bu termin yalnız coğrafi bölgünü ifadə etmir. Söhbət inkişaf etməkdə olan ölkələrin ortaq maraqlar ətrafında birləşməsindən, qlobal idarəetmədə daha fəal rol almaq istəyindən və beynəlxalq institutlarda ədalətli təmsilçilik tələbindən gedir. Azərbaycan da müstəqil siyasi xətti və prinsipial mövqeyi ilə bu proseslərdə diqqət çəkən ölkələr sırasında yer alır.

Bu fikirləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq arenadakı mövqeyini əhəmiyyətli şəkildə möhkəmləndirib: “Azərbaycan artıq təkcə regionda deyil, qlobal səviyyədə də mühüm siyasi aktorlardan biri kimi çıxış edir. Xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan dövlətlərin maraqlarının müdafiəsi istiqamətində fəal diplomatik fəaliyyət nümayiş etdirilib. Neokolonializmə qarşı mövqe, beynəlxalq hüququn müdafiəsi və selektiv yanaşmalara etiraz Azərbaycanın xarici siyasət prioritetləri sırasında xüsusi yer tutub”.

Vüqar İskəndərov qeyd edib ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında səsləndirdiyi fikirlər də Azərbaycanın bu məsələyə strateji yanaşmasını ortaya qoyur: “Qeyd olunduğu kimi, Azərbaycan özünü Qlobal Cənubun tərkib hissəsi hesab edir. Bunun əsas səbəbi isə ölkənin uzun illər beynəlxalq müstəvidə siyasi təzyiqlər və ikili standartlarla qarşılaşmasıdır. Məhz bu təcrübə Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə daha balanslı və ədalətli yanaşmanı müdafiə etməsinə zəmin yaradır”.

Deputat onu da əlavə edib ki, mövcud beynəlxalq idarəetmə sistemi müasir geosiyasi dəyişikliklərlə tam uzlaşmır. Onun fikrincə, xüsusilə BMT Təhlükəsizlik Şurasında inkişaf etməkdə olan ölkələrin zəif təmsil olunması ciddi narazılıq doğurur: “Dünyada siyasi və iqtisadi güc balansı dəyişsə də, beynəlxalq institutların fəaliyyət prinsiplərində köhnə yanaşmalar hələ də qalmaqdadır. Bu səbəbdən BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda islahatların aparılması və Qlobal Cənub ölkələrinin qərarvermə prosesində daha geniş iştirakının təmin edilməsi vacib hesab olunur”.

Vüqar

Vüqar İskəndərov sonda vurğulayıb ki, Azərbaycan artıq beynəlxalq platformalarda müşahidəçi mövqeyi ilə kifayətlənmir: “Ölkə çevik diplomatik siyasəti, çoxtərəfli əməkdaşlıq təşəbbüsləri və strateji layihələri vasitəsilə Qlobal Cənub daxilində təsir imkanlarını genişləndirir. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və siyasi dialoq platformaları sahəsində artan rolu onu bir çox dövlətlər üçün mühüm tərəfdaşa çevirib. Bütün bunlar Azərbaycanın yalnız milli maraqlarını müdafiə etmədiyini, eyni zamanda daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verməyə çalışdığını göstərir”.

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycan son illər beynəlxalq münasibətlərdə yalnız regional aktor kimi deyil, Qlobal Cənubun maraqlarını ifadə etməyə çalışan fəal ölkə kimi çıxış edir: “Prezidentin köməkçisi Hikmət Hacıyevin Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında səsləndirdiyi fikirlər də bu xəttin davamı kimi qiymətləndirilə bilər. Bakı özünü bu dünyanın bir parçası sayır və bu səbəbdən inkişaf etməkdə olan ölkələrin üzləşdiyi siyasi, iqtisadi və tarixi problemləri daha yaxından anladığını göstərmək istəyir. Xüsusilə müstəmləkəçilik və neokolonializm mövzularının önə çəkilməsi Azərbaycanın bu platformada sadəcə iştirakçı yox, gündəm müəyyən edən tərəf olmaq niyyətindən xəbər verir. Bu yanaşmanın əsas siyasi məqamı isə BMT və digər beynəlxalq institutlarda təmsilçilik məsələsidir. Qlobal Cənub ölkələri uzun illərdir ki, beynəlxalq qərarların qəbulunda bərabər söz sahibi olmadıqlarını bildirirlər. Xüsusilə BMT Təhlükəsizlik Şurası kimi mühüm strukturlarda mövcud təmsilçilik balansı bugünkü geosiyasi reallıqları tam əks etdirmir. Azərbaycan da bu boşluğu qabardaraq Qlobal Cənubun daha ədalətli, daha bərabər və daha təsirli şəkildə təmsil olunmasını müdafiə edir. Bu, Bakının beynəlxalq sistemdə islahat çağırışlarını dəstəkləməklə yanaşı, öz diplomatik çəkisini artırmaq strategiyasına da uyğundur. Əslində Azərbaycan üçün Qlobal Cənub platforması həm siyasi, həm də diplomatik imkan meydanıdır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Bakı artıq göstərdi ki, müxtəlif regionlardan olan ölkələri ortaq mövzular ətrafında bir araya gətirə bilir. İndi isə Qlobal Cənub xətti bu təcrübənin yeni mərhələsi kimi görünür. Azərbaycan bu prosesdə passiv müşahidəçi olmaq istəmir, əksinə, təşəbbüs göstərən, mövzu açan və beynəlxalq gündəmdə öz yerini möhkəmləndirən aktor kimi çıxış edir. Bu baxımdan Bakının mesajı aydındır: qlobal sistem dəyişirsə, həmin dəyişiklikdə Qlobal Cənubun da, Azərbaycanın da səsi daha güclü eşidilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Избранный
15
musavat.com

1Источники