Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda keçirilən 13-cü Dünya Şəhər Forumu Azərbaycanın son illərdə beynəlxalq müstəvidə artan rolunu bir daha nümayiş etdirdi. Forum zamanı Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər – 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi – böyük bir tədbirin statistikası deyil, Azərbaycanın qazandığı beynəlxalq nüfuzun göstəricilərindən biri kimi qiymətləndirilməlidir. Dünyanın müxtəlif regionlarından siyasətçilərin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin Bakıda bir araya gəlməsi göstərir ki, Azərbaycan artıq yalnız regional məsələlər çərçivəsində deyil, qlobal müzakirələrdə də iştirak edən və platforma yaradan ölkələrdən birinə çevrilmişdir.
Bu cür beynəlxalq tədbirlər dövlətlərin dünyadakı mövqeyini göstərən əsas göstəricilərdən hesab olunur. Çünki müasir dünyada beynəlxalq etimad olmadan belə böyük forumları keçirmək mümkün deyil. Bakının bu səviyyəli tədbirə ev sahibliyi etməsi həm şəhərin inkişafını, həm də Azərbaycanın siyasi və diplomatik imkanlarını göstərir. Son illərdə Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi əsas məkanlardan birinə çevrilməsi də ölkənin artan qlobal nüfuzu ilə birbaşa bağlıdır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam isə Azərbaycan memarlığının ölkənin tarixini və mədəniyyətini əks etdirməsi ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, necə musiqimiz və şeirlərimiz xalqın ruhunu yaşadırsa, memarlığımız da Azərbaycanın tarixini və kimliyini özündə əks etdirir. Bu fikir əslində memarlığın sadəcə bina və tikililərdən ibarət olmadığını, onun bir xalqın keçmişini, düşüncə tərzini və mədəni yaddaşını gələcək nəsillərə ötürən ən vacib vasitələrdən biri olduğunu göstərir.
Azərbaycanın qədim şəhərlərinə və tarixi abidələrinə baxdıqda bunu aydın görmək mümkündür. İçərişəhərin dar küçələri, Şirvanşahlar Sarayı, qədim məscidlər, karvansaraylar və Qarabağın özünəməxsus memarlıq ənənələri xalqın əsrlərlə formalaşmış mədəniyyətini bu günə daşıyır. Bu abidələr sadəcə tarixi tikililər deyil, Azərbaycanın keçmişinin canlı yaddaşıdır. Digər tərəfdən, Bakıda son illərdə inşa olunan müasir memarlıq layihələri göstərir ki, Azərbaycan keçmişini qorumaqla yanaşı, müasir şəhər modeli də qurmağa çalışır. Burada əsas məsələ qədim irslə müasirliyin eyni şəhərdə və eyni ruhda yaşaya bilməsidir.
Məhz buna görə də bu gün şəhərsalma anlayışı əvvəlki dövrlərdən fərqlənir. Müasir şəhərlər artıq yalnız yolların və binaların toplandığı məkan deyil. Onlar dövlətin mədəni səviyyəsini, texnoloji inkişafını, ekoloji yanaşmasını və insan həyatına verdiyi dəyəri göstərən əsas göstəricilərdən biridir. Bakıda keçirilən Dünya Şəhər Forumu da bir daha göstərdi ki, gələcəyin şəhərlərini qurmaq üçün yalnız tikinti aparmaq kifayət deyil. Müasir şəhərlər eyni zamanda tarixi yaddaşı qorumağı, insan üçün rahat mühit yaratmağı və dəyişən dünyanın çağırışlarına cavab verməyi bacarmalıdır. Azərbaycanın verməyə çalışdığı mesaj da məhz budur. Şəhərsalma artıq yalnız tikinti məsələsi deyil, dövlətin dünyaya necı baxdığının göstəricisidir.
Sərtac Atlas
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.