RU

​Si Putinə yenə “yox” dedi Bu layihənin taleyi sual altındadır

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Vladimir Putinin Çinə Ukrayna ilə müharibənin başlanğıcından bəri 5-ci və bütün prezidentliyi dövründə 25-ci səfəri o qədər də uğurlu alınmayıb.

“AzPolitika” xəbər verir ki, Rusiyanın çoxdan bəri gözlədiyi "Sibir Gücü 2" qaz kəmərinin tikintisi ilə bağlı razılaşmaya dair heç bir ciddi əlamət yoxdur. Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında təsdiqləyib.

Peskov Putinin Si Cinpinlə danışıqlarından sonra deyib ki, 10 ildən çoxdur müzakirə olunan və Çinə qaz tədarükünün ildə 100 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutan layihədə hələ də bəzi həll olunmamış məsələlər var.

Peskov əlavə edib ki, "əsas anlaşma parametrləri" və gələcək boru kəmərinin marşrutu razılaşdırılıb, lakin layihənin müddəti ilə bağlı hələ də dəqiq bir razılaşma yoxdur: "Hələlik heç nə aydın deyil".

Putin Pekinə baş nazirin 5 müavini, səkkiz nazir, "Qazprom" və "Rosneft" də daxil olmaqla, böyük dövlət şirkətlərinin rəhbərlərindən ibarət böyük bir nümayəndə heyəti gətirib. Səfəri zamanı o, Rusiya-Çin əməkdaşlığının "sonsuz perspektivlərindən" danışıb və Çinə neft, kömür və qazın "fasiləsiz" ixracına söz verib.

Danışıqlardan sonra Moskva və Pekin 40 sənəd imzalayıblar. Lakin Kremlin dərc etdiyi siyahıdakı heç bir sənəddə nə "Sibir Gücü 2" boru kəməri, nə də neft-qaz sektorundakı əməkdaşlıqdan bəhs edən nəyəsə rast gəlinmir.

Bundan öncə “Financial Times” yazıb ki, Rusiya ilə Çin arasında razılaşmanı əngəlləyən əsas məsələ qazın satış qiymətidir. Bu, Avropa bazarını itirdikdən sonra Rusiyanın çox ehtiyac duyduğu Çinə yeni qaz kəməri üçün vacib maneə olaraq qalır. Çin Moskvadan Rusiya daxili bazarına(min kubmetri 50 dollar) yaxın bir qiymət istəyir. Bu da Pekinin hazırda ödədiyindən (min kubmetr üçün 258 dollar) beş dəfə və "Qazprom"un xaricdəki digər müştərilər üçün təyin etdiyi qiymətlərdən (420 dollar) 8,5 dəfə aşağıdır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
azpolitika.info

1Источники