RU

Balıq idxalının azalması bazarda qiymətlərə necə təsir edir?

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə balıq ovu qadağası və İrandan idxalın azalmasına baxmayaraq, bazarda qıtlıq yaranmayıb. Bizimyol.info Xəzər TV-yə istinadən xəbər verir ki, bazarda xarici balıqların qiymət baxımından daha sərfəli olması alıcıların da seçiminə təsir edir. Bu səbəbdən də Rusiya və Türkiyədən gətirilən spesifik balıq növləri piştaxtalarda xüsusilə üstünlüyə malikdir.

Mütəxəssislər də idxalda liderlik edən ölkələrin artıq dəyişdiyini təsdiqləyirlər. Əvvəllər İran və Rusiya məhsulları bazarda əsas paya sahib idisə, hazırda Türkiyədən gətirilənlər önə çıxıb. Eyni zamanda daxili bazardakı boşluğu doldurmaqda yerli balıqçılıq təsərrüfatlarının da rolu böyükdür.

Türkiyədən idxal olunan balıqlar bazarda üstünlük qazanıb, İran və Rusiyanın payı isə azalıb. Yerli təsərrüfatlar da daxili tələbatın ödənilməsində mühüm rol oynayır və bazarda tarazlıq qorunur.

Balıq ovu qadağası və idxalın azalması bazarda qiymətlərə necə təsir edir?

Asif İbrahimov

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, belə məhsullar çox tez xarab olduğu üçün ən yaxın ölkələrdən gətirilməlidir: “Ölkədə balıq ovu ilə bağlı tətbiq olunan qadağalar ekoloji baxımdan əhəmiyyətli məsələlərdir, çünki belə verilmiş qərarlar, xüsusilə, balıq ehtiyatlarının qorunmasına xidmət edir. Adətən, belə məhdudiyyətlər daxili tələbatda daxili təklifin azalmasına və bəzi hallarda qiymət risklərinin artmasına gətirib çıxarda bilər. Eyni zamanda ənənəvi idxal mənbələrindən, xüsusilə də, İran istiqamətindən tədarükün azalmasına bazarda əlavə təzyiq formalaşdıran amillərdən biri hesab oluna bilər. Belə məhsullar çox tez xarab olduğu üçün ən yaxın ölkələrdən gətirilməli və sertifikatlaşdırılması rahat olan ölkələr seçilməlidir. Dondurulmuş formada gətirilən balıqlarda həm elə bazar, əmtəə görünüşü olmur, həm də alıcılar çox vaxtı diri balığa üstünlük verirlər. Ənənəvi idxal mənbələrindən biri kimi İranı misal gətirmək təsadüfi deyil.

Hazırkı vəziyyət onu göstərir ki, bazarda ciddi qıtlıq müşahidə olunmur və təchizat zəncirində alternativ mexanizmlər formalaşır. Hazırda Türkiyədən idxal olunan balıq məhsullarının bazarda payının artması təklifin sabit saxlanmasına önəmli təsir göstərir. Bununla yanaşı, Rusiya və başqa ölkələrdən gətirilən xüsusi balıq növləri də var ki, bu da piştaxtada alıcının seçim imkanını genişləndirir və qiymət təzyiqi ilə inflyasiya təzyiqinin qarşısını alır. Xarici məhsulların bir sıra hallarda qiymət baxımından daha sərfəli olmağı da müşahidə olunur, bu da istehlakçı davranışına birbaşa təsir edir və alıcılar daha əlçatan və keyfiyyətli məhsullara üstünlük verməyə başlayırlar. Bu tendensiya bazarda artmaqla qiymətlərin kəskin şəkildə yüksəlməsinin qarşısını alan ən önəmli faktordur”.

Asif İbrahimov həmçinin vurğulayıb: “Başqa mühüm məqam yerli balıqçılıq təsərrüfatının rolunun gücləndirilməsidir. Son illərdə akvakultura və süni yetişdirilən balıq istehsalının genişlənməsi daxili bazarda yaranan boşluqların qismən aradan qaldırılmasına xidmət edir. Yerli istehsal həm tədarük təhlükəsizliyi baxımından əhəmiyyətlidir, həm də idxaldan asılılığın azalmasına xidmət edə bilir. Əgər daxili istehsalı daha da gücləndirə bilsək, gələcəkdə bazarın xarici tədarüklərə qarşı dayanıqlılığını və dözümlülüyünü təmin etmiş olarıq.

Qiymətlərə təsir məsələsinə gəldikdə, hazırda bazarda ciddi bahalaşma müşahidə edilməməsi təklif balansını qorunması ilə bağlıdır, lakin qiymət sabitliyi uzunmüddətli perspektivdə bir neçə amildən asılı olacaq: idxal marşrutlarının sabitliyi, logistika və daşınma xərcləri, valyuta məzənnəsindəki dəyişikliklər, eləcə də, mövsümü tələbat səviyyəsi. Əgər bu istiqamətdə əlavə çətinliklər yaranarsa, bəli qiymətlərdə artım ehtimalı istisna deyil”.

Asif İbrahimov əlavə edib: “Quş əti və heyvan əti ilə bağlı qadağalar tətbiq olunmağa başlayanda tələb-təklif amili ortaya çıxıb. İnsanlar, xüsusilə, balıq ətinin alınmasına üz tuturdu. Belə olduğu halda tələbat artdıqda qiymətlərə də təzyiq yaranıb. Qısaca desək, bazar yeni tədarük reallıqlarına uyğunlaşma mərhələsindədir və hazırda idxalın diversifikasiyası və yerli təsərrüfatın fəallığı sayəsində öz tarazlığını qoruyur".

Ekspert deyir ki, ərzaq təhlükəsizliyi əhalinin ucuz və keyfiyyətli məhsullara əlçatanlığın təmin edilməsidir. Bu da əlçatan qiymətləri qorumaq və yerli istesalın rəqabət qabiliyyətini artırmaqla mümkün olur”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
bizimyol.info

1Источники