İqlim dəyişiklikləri və təbii fəlakətlər dünyada milyonlarla insanın mənzil problemini daha da ağırlaşdırır.
"Far.Az" xəbər verir ki, bunu Pakistanın İqlim Dəyişikliyi və Ətraf Mühitin Əlaqələndirilməsi üzrə naziri Musadik Məsud Malik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası( WUF13) çərçivəsində təşkil olunmuş Biznes Dəyirmi Masasında bildirib.
O qeyd edib ki, mənzil məsələsi yalnız yaşayış yeri problemi deyil, həm də yoxsulluq, təhlükəsizlik və sosial bərabərlik məsələsidir: "Xüsusilə aşağı gəlirli ailələrin təhlükəsiz və dayanıqlı mənzilə çıxışı əsas müzakirə mövzularından biri olmalıdır. Biz mənzil həllərindən danışırıq, amma bu həllər kim üçündür? Aşağı gəlirli insanlar üçün konkret həlləri görmürəm. Hazırda dünyada 2,8 milyard insan qeyri-adekvat yaşayış şəraitində yaşayır, təxminən 300 milyon insan isə daimi evsizlik problemi ilə üzləşib. Qlobal emissiyaların böyük hissəsi bir neçə ölkənin payına düşsə də, iqlim fəlakətlərindən ən çox əziyyət çəkən ölkələr emissiyalarda çox kiçik paya malikdir".
O qeyd edib ki, istixana qazı emissiyaları artır, temperatur yüksəlir, buzlaqlar əriyir, daşqınlar baş verir, hava şəraiti dəyişir və nəticədə ərzaq təhlükəsizliyi problemləri yaranır. Bu, bütöv bir zəncirdir".