RU

20 DƏQİQƏLİK ŞƏHƏR ARZUSU... Bu konsepsiya Bakıda işə yarayacaqmı? + FOTOLAR

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə çıxış edərkən maraqlı bir təşəbbüs irəli sürüb.

Nazir qeyd edib ki, əsas məqsədləri Bakını 20 dəqiqəlik şəhərə çevirməkdir.

R. Nəbiyev əlavə edib ki, hazırkı şəraitdə bu real görünməsə də, bu istiqamətdə müəyyən işlər görülür.

“Əvvəl qeyd etdiyim kimi, hər bir nöqtəyə 20 dəqiqə ərzində çatmaq. Bu gün üçün, demək olar ki, hər gün səyahət çətinlikləri ilə üzləşən sizlər üçün bu o qədər də real görünməyə bilər, lakin biz bu hekayəyə inanırıq, bu istiqamətdə irəliləyirik. Buna necə nail olacağıq? 2030-cu ilə qədər təxminən 10 milyard ABŞ dolları investisiya qoyulacaq. Əlavə olaraq 10 metro stansiyası tikəcəyik. Nəzərə alsanız ki, bu gün cəmi 26 stansiyamız var, bu, əslində metro stansiyalarının sayında təxminən 50 % artım deməkdir”, - deyə o bildirib.

Bəs maraqlıdır, bu gün tıxaclar başda olmaqla, ictimai nəqliyyatdakı çatışmazlıqlar, şəhər infrastrukturunun qeyri-peşəkar təşkili, eləcə də digər problemlərin qarşıdakı illərdə həlli nə qədər real görünür?

Bu barədə nəqliyyat eksperti Aslan Əsadov “AzPolitika”ya şərhində bildirib ki, yayılan açıqlama maraqlı və həvəsləndirici iddia kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, təklif və təşəbbüslər sevindirici olsa da, məsələyə real vəziyyət prizmasından yanaşmaq lazımdır.

“Bu açıqlamanı dinlədim, informasiya vasitələrində yayılan məlumatlarla tanış oldum. Doğrudan da maraqlı açıqlamadır və kifayət qədər həvəsləndirici iddiadır. Təbii ki, təşəbbüslər və irəli sürülən fikirlər bizi sevindirir. Amma reallığa baxsaq, Bakı şəhərinin ümumi vəziyyətini nəzərə almaq lazımdır”, – deyə ekspert qeyd edib.

Aslan Əsadov vurğulayıb ki, paytaxtın inzibati əraziləri kifayət qədər genişdir: “Bir istiqamət Ələt qəsəbəsindən başlayaraq Hövsana qədər uzanır. Bu məsafə təxminən 95-100 kilometr təşkil edir. Digər tərəfdən isə Binəqədi ərazisindən başlayaraq Mərdəkan istiqamətinədək böyük bir ərazi mövcuddur. Bu ərazilərin daxili küçə və yollarını nəzərə almasaq belə, həmin məsafələri 20 dəqiqə ərzində müəyyən sürətlə qət etmək mümkün olacaqsa, bu, sevindirici hadisə olar”.

Ekspert bildirib ki, şəhərin mərkəzini əhatə edən “20 dəqiqəlik şəhər” konsepsiyasının reallaşdırılması hazırkı şəraitdə çətin görünür.

Onun sözlərinə görə, bu istiqamətdə əsas diqqət Bakıdaxili və şəhərətrafı nəqliyyat sisteminin inkişafına yönəlməlidir: “Burada Bakıətrafı və Bakıdaxili nəqliyyat müntəzəmliyi artırılmalıdır. İstər metro şəbəkəsi, istər elektrik qatarları, istərsə də taksi və marşrut fəaliyyəti arasında koordinasiya düzgün təşkil olunmalıdır. Bu, böyük uğura gətirib çıxara bilər”.

Aslan Əsadov onu da qeyd edib ki, hazırkı vəziyyətdə paytaxt daxilində hərəkət müddəti daha çoxdur və “20 dəqiqəlik” yanaşma hələlik reallığı tam əks etdirmir: “Hazırda A nöqtəsindən B nöqtəsinə getmək üçün tələb olunan vaxt daha uzundur. Ona görə də hazırda bu məsələ ilə bağlı ictimaiyyətə reallığa uyğun olmayan qənaət formalaşdırmaq düzgün olmaz”.

Maraq üçün qeyd edək ki, bu konsepsiya ilk dəfə kolumbiyalı-fransız şəhərşünas alim, Karlos Moreno tərəfindən 2016-cı ildə irəli sürülüb.

K. Moreno hesab edirdi ki, şəhərlər insan yönümlü olmalıdır və onlar insanlar gündəlik əsas ehtiyaclarını piyada və ya velosipedlə 15-20 dəqiqə ərzində qarşılaya bilməlidirlər.

Layihə ilk olaraq Paris şəhərində sınaqdan keçirilib. Paris şəhərində xüsusi avtomobillərin hərəkəti azaldılıb, xüsusilə şəhər mərkəzi və əsas küçələrdə nəqliyyat minimum səviyyəyə endirilib. Şəhərin bir sıra küçələri tam piyadalaşdırılıb və yalnız piyadalarla velosiped istifadəçiləri üçün açıq vəziyyətə gətirilib. Bir çox ərazidə sürət həddi 30 km/saat olaraq müəyyənləşdirilib. “Əvvəlcə piyada” prinsipini əsas götürən Paris meri Anna Hidalqonun göstərişi ilə velosiped yollarının sayını da artırıb. 2020-ci ilə qədər şəhərdə 70 kilometrdən artıq yeni velosiped yolu salınıb. Eyni zamanda səkilər genişləndirilib və piyadalar üçün daha çox hərəkət sahəsi yaradılıb. Velosiped kirayəsi sistemi genişləndirilib ki, bu da sakinlərin alternativ nəqliyyata çıxışını asanlaşdırıb.

Konsepsiya çərçivəsində təhsil, səhiyyə, alış-veriş və iş məkanları məhəllə prinsipi əsasında yenidən təşkil olunub. Yerli bazarlar və kiçik sahibkarlıq subyektləri dəstəklənib ki, insanlar gündəlik ehtiyaclarını uzaq məsafələrə getmədən qarşılaya bilsinlər. Bununla yanaşı, ortaq iş məkanları və kitabxanalar yaradılıb, məsafədən işləmə imkanları genişləndirilib. Parisdə yeni park və bağlar salınıb, mövcud yaşıllıq zonaları genişləndirilib. Məktəb ətraflarında daha çox yaşıllıq sahələri və avtomobilsiz küçələr yaradılıb.

Parisdən sonra bu model dünyanın digər şəhərlərində də tətbiq olunmağa başlayıb.

Melburn şəhərində “20 dəqiqəlik məhəllələr” layihəsi hazırlanıb. Burada piyada və velosiped yolları genişləndirilib, yerli xidmətlərin əlçatanlığı artırılıb və məhəllə əsaslı planlaşdırma təşviq olunub.

London da bu layihəyə qoşularaq “15 dəqiqəlik London” konsepsiyasını tətbiq etməyə başlayıb. Şəhər mərkəzinə avtomobillərin girişinə məhdudiyyətlər qoyulub, məhəllə əsaslı ofislər, iş məkanları və alış-veriş mərkəzləri yaradılıb.

Bundan sonra Portland, Ottava, Kopenhagen, Boqota və Şanxay da mərhələli şəkildə bu şəhərsalma modelini tətbiq etməyə başlayan şəhərlər sırasında yer alıb.

Bakıda isə sözügedən konsepsiyanın həyata keçib-keçməyəcəyini zaman göstərəcək...

E. Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
65
azpolitika.info

1Источники