RU

Deputat: “Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuz...”

Xəbər verdiyimiz kimi, Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) yüksək səviyyədə davam edir. 

Mayın 22-dək davam edəcək tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən nümayəndələr bir araya gəlib. Forumda 182 ölkənin təmsil olunması Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad və hörmətin bariz göstəricisi kimi qiymətləndirilir.

Tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi arasında balans necə təmin edilməlidir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuz, həyata keçirilən genişmiqyaslı quruculuq layihələri və şəhərsalma sahəsində tətbiq olunan müasir yanaşmalar ölkənin artıq yalnız regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş və əməkdaşlıq mərkəzi kimi tanındığını açıq şəkildə nümayiş etdirir.

Deputat qeyd edib ki, urbanizasiya prosesləri, iqlim dəyişiklikləri, əhali artımı, miqrasiya axınları və yeni iqtisadi çağırışlar şəhər inkişafına tamamilə fərqli yanaşmalar tələb edir:

“Belə bir tarixi mərhələdə WUF13 kimi beynəlxalq platformaların rolu xüsusilə artır. Çünki burada müzakirə olunan məsələlər yalnız tikinti və infrastrukturla məhdudlaşmır.

Söhbət insanların həyat keyfiyyətindən, sosial rifahından, ekoloji sabitlikdən, davamlı inkişafdan və gələcək nəsillər üçün layiqli yaşayış mühitinin təmin edilməsindən gedir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev forumun açılış mərasimində Bakının tarixi simasının qorunmasının, İçərişəhər kimi dünya əhəmiyyətli abidələrin yaşadılmasının Azərbaycanın milli-mədəni dəyərlərə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıb:

“Eyni zamanda, regionlarda yerləşən tarixi abidələrin və qədim yaşayış məskənlərinin bərpası istiqamətində görülən işlər ölkəmizin mədəni irsə münasibətdə daşıdığı məsuliyyəti açıq şəkildə ortaya qoyur.

Dövlət başçısı çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə xüsusi diqqət ayırdı.

Bildirdi ki, onilliklər boyu işğal altında qalaraq viran edilmiş şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, tarixi və dini abidələr əvvəlki əzəmətinə qovuşdurulur.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan azad olunmuş ərazilərdə yalnız yeni yaşayış məntəqələri inşa etmir, eyni zamanda həmin torpaqların tarixi kimliyini və mədəni ruhunu yenidən dirçəldir”.

Ceyhun Məmmədov vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarda görülən işlər artıq beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi mühüm inkişaf nümunəsinə çevrilib:

“Qısa müddət ərzində yolların, hava limanlarının, yaşayış məntəqələrinin, sosial infrastrukturun və rabitə şəbəkələrinin qurulması Azərbaycan dövlətinin gücünü, idarəetmənin səmərəliliyini və möhkəm siyasi iradəni bütün dünyaya nümayiş etdirir.

Doğma yurdlarına qayıdan soydaşlarımızın sevinci isə həyata keçirilən dövlət siyasətinin ən qiymətli nəticəsidir”.

Millət vəkili əlavə edib ki, forum çərçivəsində davamlı şəhərsalma, sosial inklüzivlik, iqlim çağırışları, rəqəmsal transformasiya və gələcəyin şəhərləri mövzularında aparılan müzakirələr Azərbaycanın bu sahədə beynəlxalq dialoqda fəal iştirakçı olduğunu bir daha təsdiqləyib:

“Bununla yanaşı, forum ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.Bu gün Azərbaycan yalnız enerji, nəqliyyat-logistika və geosiyasi baxımdan deyil, həm də humanitar və inkişaf platforması kimi beynəlxalq arenada mövqeyini getdikcə möhkəmləndirir.

Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionda sabitlik, təhlükəsizlik və inkişaf məkanı kimi qəbul olunur.

Dünyanın müxtəlif bölgələrində münaqişələr, siyasi böhranlar və iqtisadi qeyri-sabitlik fonunda ölkəmizdə hökm sürən sabit inkişaf mühiti beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir.

WUF13 forumu bir daha göstərdi ki, Azərbaycan gələcəyə hesablanmış strateji baxışa malik dövlətdir. Ölkəmiz müasir şəhərsalma, innovasiya, davamlı inkişaf və insan kapitalının gücləndirilməsi istiqamətində mühüm addımlar atır və bu kurs qətiyyətlə davam etdirilir”.

Избранный
34
2
cebheinfo.az

10Источники