Bakı, 20 may, AZƏRTAC
Qlobal Cənubdan olan gənclər kimi biz tarixən yaşanmış ədalətsizliklərin yaddaşını və daha ədalətli gələcək vizyonunu daşıyırıq. Biz işsizlik, məcburi köç, bərabərsizlik və iqlim risklərinin reallıqlarını yaxşı anlayırıq. Amma, eyni zamanda, yaradıcılıq, dayanıqlılıq, innovasiya və ümid də daşıyırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qlobal Cənub Gənclər Platformasının Keniyadan olan üzvü Brayan Nqiqi Mutoni “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi platformalar və digər təşəbbüslər müxtəlif gənc səslərin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və qlobal şəhər siyasətinə töhfə verməsi üçün vacib imkanlar yaradır.