RU

Tarix və müasirliyin vəhdəti: Bakı dünyaya yeni baxış təklif edir

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası  (WUF13) müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzunun, strateji əhəmiyyətinin və dayanıqlı inkişaf sahəsində formalaşdırdığı yeni inkişaf modelinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qatıldığı bu mötəbər tədbir yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın geosiyasi, geoiqtisadi və humanitar imkanlarının beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm strateji hadisədir”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat Mahir Süleymanlı deyib.

 Deputat qeyd edib ki, Forumun Bakıda keçirilməsi təsadüfi seçim deyil: “Son illərdə Azərbaycan beynəlxalq tədbirlərin təşkili sahəsində mühüm təcrübə qazanaraq qlobal diplomatik platformaya çevrilməkdədir. Xüsusilə kimi nəhəng beynəlxalq tədbirdən sonra WUF13-ün də Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlar və qlobal institutlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu isə dövlətin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və diplomatik təsir imkanlarının nəticəsi kimi dəyərləndirilə bilər.
Cəan Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı WUF13-ü COP29-dan sonra ölkədə keçirilən ən böyük beynəlxalq tədbir kimi xarakterizə etməklə Azərbaycanın artıq regional deyil, qlobal gündəlik formalaşdıran dövlətlər sırasında yer aldığını nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycanın şəhərsalma siyasətinin yalnız texniki və infrastruktur məsələləri ilə məhdudlaşmadığını, insan rifahına, sosial təhlükəsizliyə və ekoloji davamlılığa əsaslanan strateji inkişaf modeli olduğunu göstərdi.

Müasir dövrdə urbanizasiya məsələsi artıq yalnız şəhərlərin böyüməsi prosesi deyil, həm də dövlətlərin iqtisadi dayanıqlığı, sosial sabitliyi və milli təhlükəsizliyi ilə birbaşa bağlı olan strateji amilə çevrilib. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi şəhərsalma siyasəti region üçün yeni model hesab edilə bilər. Bakının son illərdə keçdiyi inkişaf yolu bunu aydın şəkildə nümayiş etdirir. Bir tərəfdən tarixi-mədəni irs qorunur, digər tərəfdən isə müasir urbanizasiya prinsiplərinə uyğun infrastruktur qurulur. Prezident İlham Əliyevin çıxışında İçərişəhərdən Bakı Bulvarına, XIX əsr memarlıq ənənələrindən müasir şəhərsalma layihələrinə qədər uzanan inkişaf xəttini xüsusi vurğulaması Azərbaycanın milli kimliklə modernləşmə arasında balans yarada bildiyini göstərir”.

O əlavə edib ki, bu proses xüsusilə Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm komponentlərindən biri kimi diqqət çəkir: “Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız hərbi və iqtisadi potensialla ölçülmür. Humanitar diplomatiya, mədəniyyət, şəhərsalma, ekologiya və dayanıqlı inkişaf sahəsində formalaşdırılan imic də böyük əhəmiyyət daşıyır. WUF13 kimi forumların Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya və inkişaf gündəliyinin formalaşdırılmasında iştirak edən aktora çevrildiyini göstərir.
Forumun əsas strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri barədə səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən genişmiqyaslı layihələrdən birinin mahiyyətini ortaya qoyur. Müasir yolların, tunellərin, hava limanlarının, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın bölgədə yeni inkişaf modeli formalaşdırdığını göstərir.
Bu kontekstdə Böyük Qayıdış Proqramı yalnız sosial layihə deyil, həm də siyasi, humanitar və geostrateji mahiyyət daşıyan dövlət proqramıdır. Uzun illər işğal altında qalmış ərazilərin qısa müddətdə yenidən qurulması və insanların öz doğma torpaqlarına qayıtması postmünaqişə idarəçiliyi baxımından beynəlxalq səviyyədə diqqət çəkən nümunələrdən biri hesab olunur. Azərbaycan burada yalnız fiziki infrastruktur yaratmır, eyni zamanda yeni sosial-iqtisadi model formalaşdırır.

WUF13 çərçivəsində Azərbaycanın təqdim etdiyi yanaşma göstərir ki, ölkə şəhərsalma məsələsinə yalnız memarlıq və tikinti kontekstində yanaşmır. Burada əsas prioritet insan amili, ekoloji təhlükəsizlik, sosial rifah və texnoloji modernləşmədir. Bu isə Azərbaycanın dayanıqlı inkişaf konsepsiyasını qlobal çağırışlarla uyğunlaşdırmaq istiqamətində məqsədyönlü siyasət həyata keçirdiyini göstərir”.

O həmçinin  bildirib ki, Forumun geosiyasi aspekti də xüsusi diqqətə layiqdir: “Müasir beynəlxalq münasibətlər sistemində qlobal tədbirlərə ev sahibliyi etmək dövlətlərin beynəlxalq legitimliyini və nüfuzunu artıran əsas amillərdən biridir. WUF13 vasitəsilə Bakı bir daha nümayiş etdirdi ki, Cənubi Qafqaz artıq yalnız geosiyasi qarşıdurma məkanı deyil, həm də beynəlxalq əməkdaşlıq, inkişaf və dialoq platformasına çevrilməkdədir. Bu isə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın mühüm nəticələrindən biridir.
Digər mühüm məqam isə Azərbaycanın enerji diplomatiyasından sonra artıq şəhərsalma və dayanıqlı inkişaf diplomatiyası istiqamətində də fəal rol almağa başlamasıdır. Son illər yaşıl enerji, ekoloji təhlükəsizlik, rəqəmsal transformasiya və dayanıqlı urbanizasiya sahəsində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq inkişaf gündəliyinə inteqrasiyasını gücləndirir. WUF13 bu baxımdan Azərbaycanın beynəlxalq imicinin yeni mərhələyə keçidini simvolizə edir.

Nəticə etibarilə, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinin, dövlətin modern inkişaf strategiyasının və qlobal əməkdaşlıq platformalarında artan rolunun mühüm göstəricisidir. Forum bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız regional güc mərkəzi deyil, həm də qlobal səviyyədə inkişaf, urbanizasiya və dayanıqlı gələcək məsələlərinin müzakirəsində fəal iştirak edən nüfuzlu aktorlardan birinə çevrilməkdədir. Bakı isə artıq yalnız siyasi və iqtisadi paytaxt deyil, həm də beynəlxalq şəhərsalma və qlobal inkişaf ideyalarının formalaşdırıldığı mühüm mərkəz statusu qazanır”.

Mürtəza

Избранный
30
4
olke.az

6Источники