RU

Azad edilmiş ərazilərdə istehsal olunacaq "yaşıl enerji" ixrac üçün də kifayət edəcək - Xüsusi nümayəndə

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma siyasəti yalnız fiziki infrastrukturun qurulmasına deyil, həm də davamlı iqtisadi inkişafın və dayanıqlı məskunlaşmanın təmin edilməsinə yönəlib.

Trend xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində "Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi" mövzusunda tədbirdə deyib.

O bildirib ki, davamlı məskunlaşmanı dəstəkləmək və azad edilmiş ərazilərdə iqtisadi fəallığı artırmaq məqsədilə investorlar və sahibkarlar üçün xüsusi iqtisadi həvəsləndirmə mexanizmləri tətbiq olunur.

"İnvestorların fəaliyyətini asanlaşdırmaq üçün vergi və gömrük güzəştləri təqdim edilir. Eyni zamanda investisiyaların daha səmərəli və effektiv həyata keçirilməsi üçün güzəştli maliyyə mexanizmləri yaradılıb. Yerli və xarici investorlar üçün sadələşdirilmiş şərtlər tətbiq olunur", - deyə o qeyd edib.

V.Hacıyev vurğulayıb ki, Araz çayının yaxınlığında yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı regionun əsas investisiya mərkəzlərindən biridir.

"Hazırda burada 19 rezident şirkət və 3 qeyri-rezident biznes subyekti fəaliyyət göstərir", - deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmi olaraq "Yaşıl Enerji Zonası" elan olunub və həmin ərazilərdə bütün mümkün yaşıl enerji həlləri tətbiq edilir.

"Region təmiz enerji istehsalı üçün su ehtiyatlarından geniş istifadə edir. Təkcə Zəngilan rayonunda hər birinin gücü 50 meqavat olan dörd su elektrik stansiyası fəaliyyət göstərir", - deyə V.Hacıyev bildirib.

O qeyd edib ki, bölgənin günəş enerjisi potensialı Azərbaycanın digər əraziləri ilə müqayisədə daha yüksəkdir.

"Yaşayış evlərinin və ictimai binaların dam örtükləri günəş panelləri ilə təchiz olunur. Regionun yüksək günəş enerjisi potensialı iri beynəlxalq enerji şirkətlərinin də marağına səbəb olub", - deyə o vurğulayıb.

V.Hacıyev bildirib ki, bp şirkəti Cəbrayılda gücü 240 meqavat olan günəş elektrik stansiyasına investisiya yatırır.

"Bundan əlavə, daha iki xarici şirkət ümumi gücü 150 meqavat olan enerji layihələrinə sərmayə qoyur", - deyə o əlavə edib.

Onun sözlərinə görə, alternativ enerji mənbələri ümumi enerji şəbəkəsinə inteqrasiya olunur.

"Bu enerji yalnız Qarabağda yerli sənayenin təminatı üçün deyil, gələcəkdə ixrac üçün də tam kifayət edəcək", - deyə V.Hacıyev qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın münaqişədən sonrakı bərpa modeli yalnız fiziki yenidənqurma ilə məhdudlaşmır.

"Məqsəd insanların tam müstəqil və dayanıqlı şəkildə yaşaya biləcəyi icmalar yaratmaqdır", - deyə o bildirib.

V.Hacıyevin sözlərinə görə, bu strategiya qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ağıllı planlaşdırma, yaşıl enerji, rəqəmsal həllər və iqtisadi inkişaf olmaqla dörd əsas istiqamət üzərində qurulub.

"Ağıllı planlaşdırma və rəqəmsal həllər vasitəsilə bir-biri ilə əlaqəli müasir şəhər və kəndlər yaradılır. Əsas məqsəd doğma yurdlarına qayıdan insanların təhlükəsiz, rahat və iqtisadi baxımdan dayanıqlı mühitdə yaşamasını təmin etməkdir", - deyə o qeyd edib.

O əlavə edib ki, Azərbaycanın bu təcrübəsi münaqişədən sonrakı bərpa və iqlimə davamlı regional inkişaf üzrə qlobal müzakirələrə praktiki töhfə kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
14
olaylar.az

10Источники