Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) son dərəcə əhəmiyyətli tədbirdir. Çünki bu tədbir mənzil böhranının və şəhərsalmanın təkcə sürətlə urbanizasiya ilə üzləşən ölkələr deyil, həm də inkişaf etmiş dövlətlər üçün əsas qlobal çağırışlara çevrildiyi bir vaxtda keçirilir.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında İtaliya Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının prezidenti Antonio Campaqnoli bildirib.
Onun sözlərinə görə, WUF13 tədbirini əhəmiyyətli edən əsas xüsusiyyətlərdən biri də odur ki, burada müxtəlif hökumətlər, beynəlxalq qurumlar, özəl sektor rəhbərləri, maliyyə qurumları və vətəndaş cəmiyyəti təşkilatları eyni platformada bir araya gəlir: “Çünki davamlı şəhərlərin formalaşmasında bütün maraqlı tərəflərin iştirakı vacibdir”.
Antonio Campaqnoli hesab edib ki, davamlı şəhərsalmanın gələcəyi getdikcə uzunmüddətli əməkdaşlıqdan, inteqrasiya olunmuş planlama və dövlət strategiyasından, özəl qurumların və icmaların iştirakını əlaqələndirmək xüsusiyyətindən asılı olacaq. “Bu mənada WUF13 yalnız müzakirə üçün tədbir deyil, həm də yeni tərəfdaşlıqların və praktik həllərin ortaya çıxa biləcəyi bir platformadır”, - deyə o vurğulayıb.