RU

Humanoid robotlar bu ölkədə işçi çatışmazlığını əvəz edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Humanoid robotlar Çində işçi qüvvəsinin azalmasının təxminən 60 faizini kompensasiya edə bilər.

Banco.az xəbər verir ki, bu barədə "Barclays" bankının hesabatında qeyd edilib.

Bankın proqnozlarına əsasən, demoqrafik dəyişikliklər və əmək bazarında iştirak səviyyəsinin 65 faiz civarında qalacağı ehtimalı nəzərə alınarsa, qarşıdakı 10 ildə Çində işçi qüvvəsi 37 milyon nəfər azala bilər.

Analitiklər hesab edirlər ki, bu azalma ölkə iqtisadiyyatının təxminən dörddə birini təşkil edən istehsal sektoruna ciddi təsir göstərəcək. Buna görə də avtomatlaşdırma və robot texnologiyalarına investisiyalar iqtisadi baxımdan daha da vacib hala gəlir.

Barclays-in  ssenarisinə əsasən, Çində quraşdırılmış humanoid robotların sayı 2035-ci ilə qədər 24 milyona çata bilər. Bu isə ölkənin ümumi işçi qüvvəsinin təxminən 4 faizinə bərabər olacaq.

Hesabatda qeyd olunur ki, məhsuldarlıq artımı işçi qüvvəsindəki azalmanın yalnız kiçik bir hissəsini kompensasiya edə bilər. Buna görə də robototexnika və avtomatlaşdırma texnologiyalarının əmək bazarındakı boşluğu qismən dolduracağı gözlənilir.

Çin rəhbəri Si Cinpin dəfələrlə bildirib ki, robototexnika və digər yüksək texnologiya sahələrinə yatırımlar Çinin gələcək iqtisadi inkişafının əsas istiqamətlərindən biridir.

Təxminən 1,4 milyard əhalisi olan Çində doğum səviyyəsi ötən il 1949-cu ildən bəri ən aşağı həddə enib. Eyni zamanda, işlək yaşda olan əhalinin payının da azalaraq 2025-ci ilə qədər ümumi əhalinin təxminən 61 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Избранный
46
banco.az

1Источники