RU

Vahid Məhərrəmov: “Xaricdən, Afrika ölkələrindən qonaqlar gəlir, bazarı dərhal yığışdırırlar, düzgün deyil”

Son zamanlar bir çox ərazilərdə küçə ticarəti ilə məşğul olan şəxslərin sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Əvvəllər insanların sıx olduğu küçə və bazar ətraflarında daha çox rast gəlinən bu fəaliyyət növü artıq əvvəlki qədər geniş deyil. Küçə ticarəti ilə məşğul olan şəxslər üçün layiqli iş şəraitinin yaradılması isə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

 

Bəs həmin fəaliyyət növü ilə bağlı hansı işlərin görülməsi zəruridir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, həmin ticarətçi şəxslər əhali ilə işlədikləri üçün kifayət qədər təcrübələri var.

 

O bildirib ki, onlarda çeşid bol və fərqlidir, lazım gələndə endirim də edə bilirlər ki, bu da rəqabət mühiti yaradır: “Çox vaxt küçə ticarəti ilə məşğul olanlarla ünsiyyətdə oluram, xüsusilə meyvə və tərəvəzləri onlardan alıram. Onlar intehlakçının nəbzini də tuta bilirlər. Çoxsaylı marketlər var, ancaq orada meyvə və tərəvəzlərin qiyməti çox yüksəkdir. Sizi əmin edirəm ki, həmin marketlər, supermarketlərdə məhsulun bir qismi, hətta xarab olur və o məhsulu yığışdırmırlar. Onlar isə çevik reaksiya verirlər. Həm də nisbətən ucuz qiymətə olduğu üçün alıcıları da çoxdur, artıq peşəkarlaşıblar. Sadəcə, imkan yaratmaq lazımdır. Tapşırmaq olar ki, keçidlərdə, səkilərdə piyadalara mane olmasınlar. Bunlar həll olunduqdan sonra burada nə problem var? Belə adamların ticarət ilə məşğul olmaları şəhər əhalisinə hansı problemləri yarada bilər? Onlar şəhərin hansı görünüşünü korlayır, bilmirəm... Heç bir problem də yaratmır”.

 

V.Məhərrəmov qeyd edib ki, yerli icra orqanları və bələdiyyələrin davamlı yarmarkalar təşkil etmələri məqsədəuyğun olardı: “Ancaq böyük deyil, çünki böyük yarmarkalara insanlar getmirlər. Avtobusların  qiyməti yüksək olduğu üçün getmək, gəlmək, ağır yük gətirmək çətin olduğundan əksər şəxslər getmək istəmirlər. Türkiyədəki kimi təşkil edilməlidir. Nəqliyyata ehtiyac olmadan piyada gedərək yarmarkadan istədiyin məhsulu ala bilmək imkanı yaradılmalıdır. İndi də böyük yaşayış massivləri var, daha çox orada təşkil etmək olar”.

 

Ekspert küçə ticarəti ilə məşğul olan şəxslərə stabil iş yaradılmasının bazar qiymətlərinə təsiri ilə bağlı nəzərə çatdırıb ki, ticarətlə məşğul olanlar onsuz da ödəniş edirlər: “Qeyri-rəsmi formada da olsa, ödəniş edirlər. Sizi əmin edirəm, onların etdikləri ödəniş heç də rəsmi müəyyən ediləcək icarə haqqından aşağı olmayacaq. Tez-tez görürəm ki, onların yanına bəzi şəxslər gəlirlər, anlaşırlar. Əks halda onlara icazə verməzlər “dil tapmasalar”...  Bir topdan satış bazar var və qiyməti diktə edir. Bunların bəziləri isə özləri rayona gedərək məhsulları gətirirlər. Təbii olaraq məhdud çərçivədə də olsa, rəqabət mühiti yaradırlar. Ona görə bazar ticarəti ilə məşğul olanlara hökumət özü şərait yaratmalıdır. Kənd təsərrüfatı məhsul istehsalçıları, ümumiyyətlə, vergi ödəyicisi deyillər. İmkan, şərait yaratmaq lazımdır. Həmişə fəaliyyətə bəhanə gətirilir, sonra yenə müəyyən mərhələdən sonra anlaşılır və ticarət üçün imkan yaradılır. Amma bunu qaydaya salmaq lazımdır. Xarici ölkələrdən, Afrikadan qonaqlar gəlir, bazarı dərhal yığışdırırlar, düzgün deyil... Vətəndaşlar da böyük həcmdə olan məhsulu bilmirlər, hara yerləşdirsinlər. Daha sonra xarab olur, itkiyə gedir. Hökumət də bilmədən istehlakçılara və ticarətçilərə ziyan vurur. Bütün bu işlər qaydasına salınmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 20 May 2026, 09:09   
Избранный
19
pravda.az

1Источники