RU

Keçmiş baş həkim lazer aparatları şirkətinin rəhbər şəxsini məhkəməyə verdi

Bakıda lazer aparatları şirkətinin işçisi və tədris akademiyasının rəhbəri Sevinc Cəlilova xüsusi ittiham qaydasında məhkəməyə verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə uzun illər müxtəlif xəstəxana və qurumlarda həkim, müavin, baş həkim və digər vəzifələrdə fəaliyyət göstərmiş S.Z. (adı, soyadı şərtidir) Nərimanov Rayon Məhkəməsinə müraciət edib.


Şikayət üzrə araşdırmalar zamanı bildirilib ki, uzun illər səhiyyə sahəsində fəaliyyət göstərmiş həkim barəsində sosial şəbəkələrdə səsləndirilmiş ifadələrin onun şərəf və ləyaqətini alçaltdığı, həmçinin böhtan xarakteri daşıdığı iddia olunur.


Xüsusi ittihamçı məhkəməyə müraciət edərək Sevinc Cəlilovanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını, barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlanmasını və qanunda nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsini xahiş edib.


S.Z. şikayət ərizəsində qeyd edib ki, o, uzun illər həkim kimi fəaliyyət göstərib, müxtəlif səhiyyə müəssisələrində həkim, müavin, baş həkim və digər vəzifələrdə çalışıb. S.Z. səhiyyə nazirinin əmri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub və təxminən 15 il həmin vəzifədə fəaliyyət göstərdiyini bildirib.


Şikayətdə həmçinin göstərilib ki, onun oğlu Kənan Zeynalov 10 ildən artıq müddətdə təsisçisi olduğu şirkətin direktoru kimi fəaliyyət göstərir. Şirkət lazer cihazlarının satışı, təmiri və bu istiqamətdə tədris fəaliyyətini həyata keçirir və ölkə üzrə bu sahənin tanınmış şirkətlərindən biri hesab olunur.
 

Xüsusi ittihamçının mövqeyinə görə, son dövrlərdə lazer avadanlıqları sahəsində aparılan maarifləndirici fəaliyyətlər və bazarda mövcud olduğu iddia edilən saxtakarlıqların ifşası bir sıra rəqib şirkətlərin və ayrı-ayrı şəxslərin narazılığına səbəb olub. Bunun ardınca MMC-nin və şəxsən Kənan Zeynalovun fəaliyyətinə kölgə salan qərəzli antireklamlar, qarayaxma kampaniyaları aparılıb, müxtəlif videoçarxlar hazırlanaraq sosial media platformalarında yayımlanıb, təhqir və böhtan xarakterli fikirlər səsləndirilib, həmçinin ödənişli reklam vasitələri ilə bu məlumatların geniş auditoriyaya çatdırıldığı iddia olunub.


Xüsusi ittihamçı bildirib ki, sonradan bu kampaniyalar artıq ailə üzvlərinə də yönəlib və sosial şəbəkələrdə onun özü barəsində də ləkələyici xarakterli məlumatlar yayılıb.


S.Z.-nin şikayətinə əsasən, Sevinc Cəlilova özünə məxsus d.r.sevinccalilova “Instagram” səhifəsindən oğlu Kənan Zeynalov barəsində aparılan qarayaxma kampaniyası çərçivəsində atası olaraq onun barəsində də ləkələyici, şərəf və ləyaqəti alçaldan ifadələr, ittihamlar səsləndirib: “Sevinc Cəlilova özünə məxsus səhifədən mənim şəkilimin də əks olunduğu videoçarx paylaşaraq burada Kənan Zeynalovun kimin oğlu olması ilə bağlı məlumat verib. O, həmin videoçarxda məni “rüşvətxor”, “korrupsioner”, “xəstələri sağlam, sağlamları xəstə edən”, “dövlət əmlakını mənimsəyən” kimi ifadələrlə təqdim edib. Bu ifadələrin hər biri ayrıca cinayət əməlini ehtiva edir. Bu cinayətlərin bir çoxu isə məhz ağır və ya xüsusilə ağır cinayət kateqoriyasına aid cinayətlərdir. Bu cür paylaşımla Sevinc Cəlilova mənim reputasiyasıma zərər vurmaqla, şərəf və ləyaqəti alçaldan bu cür ittihamlarla dövlətə qarşı ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atmışdır. Eyni zamanda təhqir etmişdir”.


Şikayətdə vurğulanıb ki, paylaşımın geniş auditoriyaya çatdırılması məqsədilə ödənişli reklam funksiyalarından istifadə olunub və bu hal paylaşımın altında yer alan xüsusi reklam düymələri ilə təsdiqlənir.


Xüsusi ittihamçı tərəf bildirib ki, bu addım məlumatların daha geniş yayılmasına, nəticədə onun nüfuzuna daha ciddi zərərin vurulmasına səbəb olub.


Şikayət materiallarında həmçinin məhkəmə ekspertizası rəyi də təqdim edilib. Ekspertiza rəyində qeyd olunub ki, sosial şəbəkədə yayılan materiallarda konkret ifadələrdən istifadə edilməklə müəyyən şəxslərin fəaliyyəti və şəxsiyyəti barədə qiymətləndirmələr verilib.


Rəydə göstərilib ki, “rüşvətxor” ifadəsi rüşvət alan şəxs anlamını ifadə edir və qanunvericilik baxımından cinayət əməli ilə əlaqələndirilir.


“Korrupsioner” ifadəsi isə vəzifəli şəxslərin qanunsuz fəaliyyətini xarakterizə edən anlayış kimi qiymətləndirilib.


“Dövlət əmlakını mənimsəyən” ifadəsinin də dövlət mülkiyyətinin qanunsuz mənimsənilməsi ilə əlaqəli məna daşıdığı və cinayət xarakterli əmələ işarə etdiyi qeyd olunub.


Xüsusi ittihamçı tərəf bütün bunları əsas gətirərək barəsində şikayət verilmiş şəxsin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətdiyini, buna görə də cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib.


Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçının nümayəndəsi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsini xahiş edib.


Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi isə şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmasını istəyib. Müdafiə tərəfi bildirib ki, mübahisə predmetini təşkil edən paylaşımlar onların təmsil etdikləri şəxs tərəfindən yayımlanmayıb və qeyd olunan internet resursu ona məxsus deyil.


Onların mövqeyinə görə, həmin materialların konkret şəxs tərəfindən yayımlandığını sübut etmək öhdəliyi qarşı tərəfin üzərinə düşür.


Məhkəmə baxışı zamanı həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə istinad olunaraq qeyd edilib ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanması və təqdim olunması xüsusi ittihamçının vəzifələrinə aiddir.


Nəticədə məhkəmə qərara alıb ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin.

 

Kamal Məmmədov 

Tarix: 20 May 2026, 08:26   
Избранный
51
pravda.az

1Источники