RU

​“Forum Azərbaycanın müasir inkişaf modelinin təqdimatıdır” Siyavuş Novruzov

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Mayın 17-dən 22-dək təşkil olunan forum dayanıqlı şəhərsalma, müasir urbanizasiya çağırışları, inklüziv yaşayış mühiti və ekoloji tarazlığın qorunması istiqamətində qlobal dialoq platforması kimi qiymətləndirilir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bununla bağlı “AzPolitika”ya açıqlamasında bildirib ki, forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq platformalarında artan rolunun mühüm göstəricisidir.

Deputat qeyd edib ki, son illər Azərbaycan siyasi, iqtisadi, humanitar və idman sahələrində mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən etibarlı məkan kimi tanınır və müxtəlif sivilizasiyalar arasında dialoqu təşviq edən ölkə kimi mövqeyini daha da möhkəmləndirib.

Açıqlamada vurğulanır ki, forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirin beynəlxalq əhəmiyyətinə diqqət çəkərək bildirib ki, WUF13 rekord sayda iştirakçını bir araya gətirib.

“182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”, – deyə dövlət başçısı bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, forum Azərbaycanın müasir inkişaf modelinin təqdimatı baxımından da mühüm rol oynayır. O qeyd edib ki, Bakıya səfər edən qonaqlar ölkədə şəhərsalma və urban inkişaf istiqamətində həyata keçirilən layihələri yaxından görmək imkanı əldə edirlər.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən və tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olduğunu xüsusi qeyd edib. Onun fikrincə, bu xüsusiyyət Azərbaycanın beynəlxalq dialoq və multikultural dəyərlərin təşviqində rolunu daha da gücləndirir.

Açıqlamada bildirilib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması şəhərsalma siyasətinin təkmilləşdirilməsi, milli memarlıq irsinin qorunması və müasir urbanizasiya konsepsiyalarının tətbiqi baxımından strateji əhəmiyyət daşıyır.

Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyev forum çərçivəsində BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığa da toxunaraq, 2022-ci ildən etibarən Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu təşəbbüslər postmünaqişə dövründə müasir şəhərsalma modelinin tətbiqi və dayanıqlı yaşayış məkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Deputat əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin baş planlarının hazırlandığı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğu vurğulanıb.

Açıqlamada həmçinin qeyd olunub ki, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri müasir ekoloji standartlara və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə həyata keçirilir.

Sonda millət vəkili vurğulayıb ki, WUF13 Azərbaycanın dayanıqlı inkişaf, müasir şəhərsalma və beynəlxalq əməkdaşlıq sahəsində artan rolunu bir daha nümayiş etdirir və forum çərçivəsində aparılan müzakirələr gələcək urban inkişaf strategiyalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
azpolitika.info

1Источники