RU

Elbir kənd sakini Məmmədov

Dünyanın az qala hər yerində olduğu kimi, bizdə də beynəlxalq təşkilatların, qurumların fəaliyyəti daim tənqid atəşi altındadır. Məsələn, ATƏT-i, Avropa Şurasını, BMT-ni ölkəmizdə ancaq tənbəllər pisləmir. Eyni zamanda, vaxtaşırı bu təşkilatların tədbirlərinə ev sahibliyi edirik.

Səmimi deyilikmi? Yəqin ki. Ancaq səmimiliyə kim qiymət verir? Bizim hökumət, maşallah, planetin dilini tapıb. Bilirlər ki, “hamının balası var”, alınıb-satılmayan dəyər-məyər, demək olar, qalmamışdır. Yoxsa hökumətimiz səndən-məndən qabaq çox gözəl anlayır ki, BMT nə havaya dərman edəndir, nə yetim-yesir üçün ev tikəcək (burada “bu tədbirlər kimə lazımdır” temasına deyinən zəhmətkeşlərimiz qarşısında hökumətə pulsuz vəkillik elədim). BMT-yə rəhbərlik edən zırpı dövlətlərin dünyanın arixtekturasına vurduğu ziyan xeyirdən çoxdur. Rusiya və ABŞ-nin uçurtduğu şəhər sayı tikdiyindən artıqdır.

Sadəcə, hərənin öz qiyməti vardır. Bu temada bir ingilis pritçasının yeridir, bilmirəm nə dərəcədə olmuş əhvalatdır. Deyir, bir gün Bernard Şou qəzetdə yazır ki, bütün ingilis arvadlar fahişədir. Xalq əsəbləşir, kraliça bunu saraya çağırıb deyir, o nədir yazmısan, mən də özümə görə bir ingilis arvadam, məsələn, sənin “məntiqinlə” mənə nə qədər verərsən? Şou deyir, ülyahəzrət (əlahəzrət-in zənən formasıdır – Z.H.), 1000 funt. Kraliça təəccüblənir: “O qədər az?” Şou deyir: “Bax, ülyahəzrət, artıq qiymət danışmağa başlamışıq”.

Təbii, bu bir zarafat olmalıdır, sözümün canı odur ki, səmimiyyət yaxşı şeydir, amma necə deyərlər, “bir gün sizdə, bir gün bizdə”. Çünki səmimiyyətlə qonaqlıq təxminən eyni məqsədlərə xidmət edir.

Bu yaxında Milli Məclis Qubadakı 3 kəndin adını dəyişdirmək haqqında qərar qəbul etdi. Vladimirovka oldu Elbir, Alekseyevka Çinarlı, Timiryazev isə Bəhrəli. Necə deyərlər, bəh-bəh... Adamın milli duyğulardan qanı qaynayır, az qalırsan qaçıb gedib Milli Məclisin binasının başına fırlanıb deputatlara nəzir verəsən.

Ancaq gəlin səmimi söhbət edək, kənddə yaşayan adamın soyadı Mamedov, Əliyev, Həsənova-filandırsa, o kəndin adını Elbir yox, lap Gülbir qoy – dönüb milli olası deyil. Bəhrəli kənd sakininin soyadı “ li” şəkilçisi ilə bitməlidir. Əks halda Timiryazevi dəyişməyin heç bir mənası yoxdur.

Bir azdan 40 il olacaq ki, biz rus istilasından qurtulmuşuq, ancaq rus soyadlarından əl çəkmirik. Özünü türk, azərbaycanlı, lap elə talış, ləzgi, avar və sairə sayan insan “ov, yev” familiyasını necə daşıyır, hansı mənada daşıyır?

Əlbəttə, belə məqamda bəziləri deyir, mən öyrəşmişəm, məni bu soyadla tanıyırlar və sairə. Gülünc arqumentdir, müzakirəsi də boşdur – hətta dünya şöhrətli, milyarder şirkətlər, görürsən, rebrendinq edir, tanınma nişanına əl gəzdirir.

İkinci və çoxsaylı qrup guya sənədləşmə işlərindəki çətinlikləri bəhanə edir: “Bütün şəxsi sənədlər yenilənməlidir”. Ancaq ürək istəsə bunları aşmaq çətin deyil. Rus imperiyasından xilas olmaq üçün yüzlərlə qurban verən xalq rus soyadlarından qurtulmaq üçün ərinir, eləmi?

Hesab edək, bu mövqedə dirəşənlər haqlıdırlar. Bəs bu sənədləşmə çətinliklərini kim həll etməlidir? Hökumət. Dövlət. Bunun başqa yolu yoxdur. Bir qərarla hamını latın əlifbasına necə öyrəşdirdilər? İndi soyad inqilabımız üçün də yuxarıdan qəti, kəskin qərar verilməlidir. Soyadını milliləşdirənlərdən heç bir rüsum alınmadan bütün prosedurlar “bir pəncərə” sistemiylə həll olunmalıdır. Lazım gəlsə müvəqqəti, ayrıca bir idarə də yaradıla bilər.

Sən öz milli geyimində dünyanı dolaşan Esvatini (köhnə adı – Svazilend) kralı III Msvati müəllimə pis-pis güləndə hərdən gərək dönüb özünün soyadına baxasan və fikirləşəsən ki, mənim İvandan, Nataşadan fərqim nədir...

 

Избранный
24
musavat.com

1Источники