RU

“5-ci dəfədir gəlirəm, hər dəfə kəsilirəm...” – Sürücülük imtahanında izdiham - REPORTAJ

Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı bu gün səhər saatlarından izdihamlıdır. Sürücülük vəsiqəsi almaq arzusu ilə gələn yüzlərlə insan geniş əraziyə yayılıb. Diqqət çəkən məqamlardan biri isə imtahan iştirakçıları arasında qadınların, xüsusilə tələbə qızların çoxluq təşkil etməsidir.

Musavat.com-un əməkdaşının da iştirak etdiyi imtahanda həyəcan, ümid və giley-güzar bir-birinə qarışıb.

WhatsApp

İlk mərhələ qeydiyyatdır. İştirakçılar 41 manat rüsum ödəyərək adlarını sistemə saldırır, daha sonra isə imtahan zalının qarşısında gözləyirlər. Adlar bir-bir səslənir, ilk 20-30 nəfər içəri buraxılır.

Zalın qarşısında gözləyənlərin söhbətləri isə ən az imtahanın özü qədər maraqlıdır. Kənarda dayanmış tələbə qızın səsində yorğunluq hiss olunur:

- Artıq 5-ci dəfədir gəlirəm. Hər dəfə kəsilirəm... Yanındakı ilk dəfə imtahana gələn başqa bir qız həyəcanını gizlədə bilmir:

- Necə suallar idi? Çox çətin idi?

Cavab gecikmir:

- Sualları çox çaşdırıcı qoyurlar. Cavabların hamısı bir-birinə oxşayır.

WhatsApp

Söhbətə başqa iştirakçı da qoşulur:

- Mən də 4-cü dəfədir gəlirəm. Suallar elə də çətin deyil. Problem vaxtdadır. 15 dəqiqəyə bu qədər tapmaca tipli sualı necə edəsən? Talıbovun test kitabında və dərsliyində belə sual tərtibatı yox idi...

İmtahan zalının qapısı gah açılır, gah bağlanır. Gözlər isə qapıdadır. Yarım saat sonra imtahana daxil olan ilk qrup çıxmağa başlayır. Kiminin baxışında sevinc, kiminin üzündə isə məyusluq oxunur.

WhatsApp

İmtahandan keçən iştirakçılardan biri sevincini gizlədə bilmir:

- Mən üçüncü dəfə idi ki, imtahan verirdim. İlk dəfə gələndə təcrübəsiz və çox həyəcanlı idim. Yaxşı olardı ki, ya sınaq imtahanları təşkil olunsun, ya da vaxt artırılsın. 15 dəqiqə çox azdır. Təkrar imtahan həm vaxt alır, həm də adam yenidən poliklinikalarda o mərhələlərdən keçir. Amma məqsədinə çatmaq istəyən uğurlu nəticə göstərə bilir. Şükür ki, bu dəfə keçə bildim. Bu vaxt növbəti 20-30 nəfərin adı səslənir.

İzdiham arasında övladları ilə gələn analar da gözdən yayınmır. Balaca qızlar bir yerdə dayanmır, gah ora, gah bura qaçırlar.

Analarının içəri keçəcəyi anı səbirsizliklə gözləyirlər.

- Ana, nə vaxt girəcəksən?

- Ana, tez çıx ha...

Növbəsini gözləyən qadınlardan biri ətrafdakıları göstərərək deyir: - Bundan əvvəlki imtahanda hamısı qızlar idi, indi kişilər də var. Qadınların maşın sürməyə marağı yaman çoxalıb.

Yanında dayanan üç uşaq anası isə qərarlı danışır:

- Mənim üç kiçik oğlum var. Avtobusla, taksi ilə çatdırmıram. Maşın almaq vacibdir. Öldü var, döndü yoxdur. Bu imtahandan keçməliyəm. İştirakçıların əsas narazılığı isə tibbi arayış proseduru ilə bağlıdır.

WhatsApp

İmtahandan yenicə çıxan digər iştirakçı gileylənir:

- Mən də 3 dəfə imtahan vermişəm. İmtahan vermək problem deyil, əsas poliklinikada işgəncə çəkirik. İndi kəsilsəm, yenidən gedib o mərhələdən keçməliyəm. İmtahanlar yaxşıdır, tez-tez keçirirlər. Amma “Forma 86”nı (tibbi arayış) almaqdan ötrü poliklinikada 50 manat rüsum ödəyib bəlkə 4-5 həkimin qəbulunda olmalısan. Amma iş onunla da bitmir. Səni yenə başqa yerə göndərirlər. Yasamala getməlisən, oradan narkoloji dispanserdən arayış alırsan. Bunun üçün də əlavə 5 manat ödəyirsən. Halbuki bunu elektron sistemlə bir neçə dəqiqəyə həll etmək olar. Bu qədər süründürməçilik olmaz axı. Bunun müddətini uzatsınlar, biz də rahat imtahanda iştirak edək. “Forma 86”nın müddəti 6 ay olsun, 30 gün çox qısadır.

Baş Dövlət Yol Polisi İdarəsinin həyətində gün boyu eyni mənzərə yaşanır - həyəcanlı baxışlar, səslənən adlar, qapıya dikilən ümidlər və bir sürücülük vəsiqəsi üçün keçilən uzun yol. Burada hər kəsin əlində sənəd, qəlbində isə eyni arzu var. Bu dəfə keçim...

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Избранный
13
musavat.com

1Источники