RU

Azərbaycan Gürcüstan birgə kommunikesi: Cənubi Qafqazın yeni geoiqtisadi xəritəsi

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan və Gürcüstan arasında imzalanan Birgə Kommünike enerji, nəqliyyat və logistika sahələrində strateji əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Sənəd xüsusilə qaz təchizatı, elektrik enerjisinin tranziti və Bakı–Tbilisi–Qars dəmir yolu kimi regional bağlantı layihələrinin gücləndirilməsini nəzərdə tutur. Bu razılaşmalar Cənubi Qafqazın beynəlxalq enerji və nəqliyyat habı kimi rolunu daha da artırır və uzunmüddətli iqtisadi inteqrasiyanı möhkəmləndirir. Eyni zamanda gündəlik sərnişin qatarlarının bərpası iki ölkə arasında humanitar və turizm əlaqələrinə də yeni dinamika gətirir.Bu yeni sazişlər Azərbaycan və Gürcüstanın regionda “enerji və nəqliyyat mərkəzi” statusunu daha da gücləndirərək üçüncü ölkələrin strateji maraqlarına necə təsir edə bilər?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında imzalanan Birgə Kommünike əslində təkcə ikitərəfli əməkdaşlıq sənədi deyil, həm də Cənubi Qafqazın geoiqtisadi xəritəsinin yenidən formalaşmasının vacib göstəricisi kimi dəyərləndirilə bilər. Enerji, nəqliyyat və logistika sahələrində əlaqələrin dərinləşməsi regionu və onun üzərindən Avropa ilə Asiya arasında alternativ və strateji tranzit imkanlarının formalaşmasına xidmət edən mühüm sənəd kimi önə çıxarır.

“Gürcüstanla Azərbaycan arasında bu sahələrdə yüksək səviyyəli strateji əməkdaşlıq mövcuddur, bu, Cənubi Qafqazın həm enerji, həm də nəqliyyat habı kimi rolunu daha da gücləndirir və Avrasiya məkanında inteqrasiya proseslərinə geniş imkanlar yaradır.

Şübhəsiz ki, burada Avropa İttifaqının da kifayət qədər ciddi marağı mövcuddur. Çünki Avropa İttifaqı enerji təhlükəsizliyinin təmin olunması və alternativ mənbələrdən asılılığın azaldılması baxımından Azərbaycandan nəql edilən qaz təchizatında maraqlıdır. Gürcüstanın tranzit ölkə kimi bu prosesdə iştirakı isə Azərbaycan–Gürcüstan bağlantısının Avropa üçün mühüm enerji zəncirinə çevrildiyini göstərir”, – deyə deputat bildirib ki, Cənub Qaz Dəhlizi, TANAP və TAP xətləri bu sistemin əsas sütunları kimi çıxış edir və gələcəkdə Qara dənizin dibi ilə çəkiləcək kabel layihələri də bu əməkdaşlığı daha da genişləndirə bilər.

Deputat hesab edir ki, eyni zamanda Orta Dəhliz və Bakı–Tbilisi–Qars dəmir yolu Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat və logistika arteriyası kimi strateji əhəmiyyət daşıyır. Bu layihələrin effektiv fəaliyyəti regionun tranzit imkanlarını artırmaqla yanaşı, Avrasiya iqtisadi inteqrasiyasına da mühüm töhfə verir.

Deputatın fikrincə, Türkiyə amili bu prosesdə xüsusi rol oynayır və gələcəkdə Zəngəzur dəhlizi kimi yeni marşrutların açılması Cənubi Qafqazın alternativ tranzit imkanlarını daha da genişləndirə bilər. Çin–Avropa ticarət axınlarının artması isə bu dəhlizlərin qlobal iqtisadi sistemdə əhəmiyyətini daha da artıran əsas faktorlardan biridir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
bizimyol.info

1Источники