Türkiyə olaraq biz D8-i yalnız iqtisadi əməkdaşlıq platforması kimi deyil, həmrəyliyi, yaşıl inkişafı, ortaq gələcək baxışı gücləndirən strateji platforma kimi görürük.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" tədbirində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Hasan Suver deyib.
O qeyd edib ki, Türkiyənin şəhərsalma sahəsində əsas yanaşması fəlakətlərə davamlı, iqlimə dayanıqlı, ekoloji cəhətdən dost, insanmərkəzli yaşayış məkanları qurmaqdır:
“6 fevral 2023-cü il zəlzələlərindən sonra Prezidentimizin rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma prosesi başladılıb, şəhərlərimizin daha təhlükəsiz, daha yaşıl, daha dayanıqlı şəkildə yenidən qurulması üçün mühüm addımlar atılıb. Bu müddətdə qazandığımız təcrübəni D8 ölkələri ilə bölüşməyə hazırıq. Bu gün enerji transformasiyası, şəhərsalma siyasətləri bir-birini tamamlayan iki əsas sahəyə çevrilib. Enerjisəmərəli binalar, təmiz nəqliyyat sistemləri, bərpa olunan enerji infrastrukturu, ağıllı şəhər tətbiqləri, yaşıl infrastruktur, davamlı yaşayış layihələri şəhərlərimizin gələcəyini formalaşdırır. Bu baxımdan D8 üzv ölkələri arasında şəhərsalma, enerji sahələrində texniki əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsini vacib hesab edirəm”.
O bildirib ki, Türkiyə 2053-cü il üçün xalis sıfır emissiya hədəfi istiqamətində iqlim dəyişikliyi ilə mübarizə, yaşıl inkişaf, enerji transformasiyası, sənayenin karbonsuzlaşdırılması sahələrində geniş siyasətlər həyata keçirir:
“2026-cı ildə Antalyada ev sahibliyi edəcəyimiz COP31-i yalnız müzakirələrin aparıldığı zirvə deyil, tətbiqə, maliyyələşməyə, konkret həllərə yönəlmiş qlobal platforma kimi qiymətləndiririk. COP31 prosesində D8 ölkələri ilə iqlim maliyyəsinə çıxış, yaşıl investisiya layihələri, dayanıqlı şəhər tətbiqləri, davamlı infrastruktur sahələrində daha yaxın əməkdaşlıq qurmağa önəm veririk”.