RU

Bakı-Minsk münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır - Spiker

Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri cənab İqor Sergeyenkonun Azərbaycana səfəri, əslində bugünkü Azərbaycan-Belarus münasibətlərinin mahiyyətini açıq şəkildə nümayiş etdirən bir məqamdır. 

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Sergeyenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib. 

Spiker bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “bu münasibətlər zamanın sınağından çıxıb və Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”.

"Həqiqətən də, bu gün iki ölkə arasındakı münasibətlər səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl surətdə genişlənir və artıq strateji tərəfdaşlıq xarakteri daşıyır. 
Burada əlbəttə ki, dövlət başçıları arasındakı dostluq münasibətlərinin, ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin inkişafındakı rolunu xüsusi vurğulamaq lazımdır",- spiker qeyd edib. 

Spiker əlavə edib ki, ölkələrimizin baş nazirləri, ayrı-ayrı sahələrə məsul nazirlərimiz təmasdadırlar və dövlət başçılarının tapşırıqlarının vaxtında icra olunması istiqamətində müntəzəm iş aparırlar:

"İqtisadi, ticari, sənaye, investisiya, kənd təsərrüfatı və digər sahələrdə mühüm layihələr reallaşdırılır. Burada Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belarus şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulmasında iştirakı da məmnunluq doğurur.
Təhsil və mədəniyyət sahələrində, regionlarımız arasında qurulmuş sıx əməkdaşlıq isə xalqlarımız, xüsusən gənclərimiz arasındakı əlaqələri daha da dərinləşdirməyə imkan verir". 

Spiker məmnunluqla qeyd edib ki, parlamentlərarası əlaqələrimiz də ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğundur. 

"Bir sözlə, bütün qeyd etdiklərim Azərbaycan və Belarus parlamentləri arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu göstərir. Və eyni zamanda, cənab Sergeyenko ilə apardığımız müzakirələrdə gəldiyimiz nəticə budur ki, biz bu əlaqələrin daha da genişləndirilməsi üzrə səylərimizi davam etdirməliyik",- o qeyd edib.

Mürtəza

Избранный
14
1
olke.az

2Источники