RU

Azərbaycanın şəhərsalma strategiyasının beynəlxalq əhəmiyyəti

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanı müasir qlobal problemlərdən birinin həlli yollarının axtarıldığı məkana çevirdi. 

Urbanizasiya hazırda bir çox dövlətlərin qarşısında duran əsas məsələlərdən birini təşkil edir. Çünki “urban” mövzusu özündə məskunlaşma, məşğulluq, immiqrasiya, aclıq, ekoloji çirklənmənin qarşısının alınması, təhsil, insan hüquqlarının təminatı, o cümlədən gender problemi, sağlamlıq və digər sahələri əhatə etdiyindən kompleks yanaşma tələb edir.

Bu baxımdan, şəhər əhalisinin sürətlə artdığı çağdaş dünyada qarşılıqlı təcrübənin öyrənilməsi qeyd edilən problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. 

Yəni dünya ölkələri Ümumdünya Şəhərsalma Forumu qurumlar çərçivəsində bir araya gələrək təcrübə mübadiləsi aparmaqla üzləşdikləri çətinliklərin aradan qaldırılmasına çalışır. 

Bu mənada, adıçəkilən Forumun 13-cü sessiyasının keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsi Azərbaycanın həm şəhərsalma sahəsində tarixi təcrübəyə malik olması, həm də gələcəkdə müasir tələblərə uyğun məskunlaşma proqramının həyata keçirilməsinə maraq göstərməsi ilə bağlıdır. 

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dünyanın ən qədim şəhərsalma mədəniyyətinə malik ölkələrindən biri olub. Bu, qədim və orta əsrlərdə Şərq mədəniyyəti üslubunda memarlıq və inşaat üslubunda özünü göstərib.

XIX əsrin ortalarından etibarən Bakının neft sənayesi şəhərinə çevrilməsi Azərbaycanda Avropa şəhərəsalma mədəniyyətinin ənənələrinin tətbiqinə səbəb olub. Bakı və digər şəhərlərdə Avropa memarlıq arxitekturasına uyğun binalar hələ də qalmaqdadır.

Eyni zamanda, Azərbaycanın Avropa və Asiyanın qovşağında, eləcə də tarixi “İpək Yolu”nun üzərində yerləşməsi şəhər infrastrukturunun Qərb və Şərq memarlıq üslubunun sintezi əsasında formalaşmasında rol oynayıb.

XX əsrin əvvəllərində avropalı mühəndislərin layihəsi əsasında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakı şəhərinə içməli “Şollar” suyu çəkdirib. 

Müasir dövrdə bir çox ölkələr kimi Azərbaycanın da “urban” məsələsinin həlli bir neçə istiqamətdə nəzərdən keçirlməlidir. İlk növbədə, Bakının və böyük şəhərlərin ekoloji cəhətdən təmiz, müasir şəhərsalma infrastrukturu yaradılmalıdır.

Xüsusilə əhalinin daha çox paytaxtda məskunlaşdığını nəzərə alsaq, Bakı şəhərinin gələcək baş planında bu amillər nəzərə alınmalıdır. Artıq bu istiqamətdə konkret addımlar atılıb. Bakının neftlə çirklənmiş “Qara şəhər” adlı ərazisi təmizlənərək yerində “Ağ şəhər” kompleksi yaradılıb.

Xüsusi gözəlliyi, ekoloji cəhətdən təmizliyi, nəqliyyatın sakit və sistemli hərəkətinin təmin olunduğu bu şəhərciklə bağlı təcrübəni dünyanıən bir çox ölkələri Azərbaycandan öyrənib tətbiq edə bilər.

Həmçinin, Bibiheybət, Böyükşor kimi neft tullantıları ilə çirklənmiş əraziləri tamamilə təmizlənib. Böyükşor gölünün ekoloji bərpası həyata keçirilib, sözügedən ərazidə insanların istirahəti üçün bulvar salınıb. Azərbaycan dövlətinin ən uğurlu layihələrindən biri də Balaxanıdakı məişət tullantıları poliqonunun ləğv edilməsi olub.

Həmin ərazidə yaradılmış “Təmiz Şəhər” ASC-də Bakı şəhərindən və ətraf ərazilərdən çıxarılan məişət tullantılarının, istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyası həyata keçirilir. Bu da çirklənmənin qarşısını almaqla yanaşı, elektrik enerjisinin alınması, dib külündən isə yol inşaatında istifadə olunması məqsədilə istifadə edilir.

Hətta dünyanın bir çox ölkələri Azərbaycanın bu təcrübəsini öyrənməyə və tətbiq etməyə maraq göstərir. Digər mühüm istiqamət immiqrasiya probleminin həllidir. Hazırda qlobal problemə çevrilmiş immiqrasiya özünü iki formada göstərir.

Birincisi, yoxsul ölkələrdən ucuz işçi qüvvəsinin inkişaf etmiş ölkələrə miqrasiyasından ibarətdir. İkinci və sayı artmaqda olan istiqamət daxili immiqrasiyadır. 

Bu halda bölgələrdə, əsasən də kəndlərdə yaşayan əhalinin iri şəhərlərə köçməsi baş verir. Daxili immiqrasiya iri meqapolislərin yaranmasına gətirib çıxarır. Hazırda dünya ölkələrində münaqişələrin sayının artması əhalinin yerdəyişməsi prosesini sürətləndirib. 

Bu baxımdan, Azərbaycanın ən böyük uğurlarından biri öz ərazilərini işğaldan azad etməsi və məcburi köçkünlərin öz evlərinə qayıdışını təmin etməsindən ibarətdir. Ona görə də Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi getdikcə böyüməkdə olan Azərbaycan paytaxtının perspektivdə məskunlaşma, yaşayış, nəqliyyat, içməli su və enerji təminatı və digər sahələr üzrə infrastruktunun müəyyən edilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Qeyd edilən strategiyanın əsas komponentlərindən biri də şəhərsalmanın rəqəmsal iqtisadiyyata uyğunlaşdırılması, bu prosesdə müasir texnologiyalardan və süni intellektdən istifadənin tətbiqidir. 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasında “Ağıllı şəhər” konsepsiyasından istifadəyə üstünlük verməsi məhz əhalinin məskunlaşması, məşğulluğu, yaşayış tələbatının asan və əlçatan olmasını nəzərdə tutur.

Ona görə də bir müddət sonra işğaldan azad edilmiş bölgələrdə yaşayışa və məşğulluğa marağın getdikcə artacağını proqnozlaşdrmaq olar.

Bu da öz növbəsində, Azərbaycana immiqrasiya və urbanizasiya problemlərini həll etmək istiqamətində yeni imkanlar yarada bilər. 

Избранный
36
cebheinfo.az

1Источники