RU

Anaklaudia Rossbax: Planetin hər üç sakinindən biri mənzil problemi ilə üzləşir

UN-Habitat-ın 2026-2029-cu illər üçün yeni strateji planı qlobal mənzil böhranı ətrafında qurulacaq.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: plan nədir?" adlı panel müzakirəsində bildirib.

"Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bütün vəzifələrin: səhiyyə, təhsil, məşğulluq və suya çıxışın həlli üçün mənzil probleminin nə dərəcədə vacib olduğunu hamımız başa düşürük. Başa düşürük ki, mənzil şəhərlər üçün kritik əhəmiyyət daşıyır: lazımi infrastrukturla təchiz edilmiş, əlverişli yerdə yerləşən və qiyməti münasib mənzillə təmin edən şəhərlər daha məhsuldar, rəqabətədavamlı və inklüziv olur, həmçinin daha geniş gəlir bazasına malikdirlər. Lakin bu gün, mənzil məsələsini diqqət mərkəzində saxlayan yeni şəhər gündəliyinin qəbul edilməsindən 10 il və əvvəldən diqqətini mənzil məsələlərinə yönəldən UN-Habitat-ın yaradılmasından 50 il sonra biz hələ də mənzil əlçatanlığı problemi ilə üzləşirik. Söhbət sadəcə bir boşluqdan getmir. Biz planetin hər üç sakinindən biri haqqında danışırıq. Məhz buna görə də bu, qlobal böhrandır", - A.Rossbax bildirib.

Onun sözlərinə görə, mövcud mənzil sistemləri hər kəs üçün işləmir, yaranmaqda olan yeni sistemlərin isə gücləndirilməsinə və sabitləşdirilməsinə ehtiyac var:

"Qiymət əlçatanlığı əsas ümumi məxrəcdir. Əvvəllər Qlobal Cənubun struktur problemi olan məsələ indi Qlobal Şimalın şəhərlərinə və sakinlərinə də təsir edir. Biz görürük ki, bu gün ev təsərrüfatlarının demək olar ki, yarısı gəlirlərinin üçdə birindən çoxunu mənzilə xərcləyir. Bu göstərici dünyanın müxtəlif regionları üçün eyni deyil. Cənubi Amerika və ya Afrikanın hər hansı bir şəhərində gəlirin 30 %-ni xərcləmək faktiki olaraq əlçatanlıq hüdudlarından kənardır".

Избранный
42
missiya.az

1Источники