RU

Elm və təhsil naziri Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirdi - FOTOLAR

Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bir sıra görüşlər keçirib. 
 
Moderator.az xəbər verir ki, Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
 
Emin Əmrullayevin serbiyalı həmkarı Dejan Vuk Stankoviç ilə baş tutan görüşündə də iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
 
Bundan başqa, Emin Əmrullayev qlobal texnologiya şirkətləri olan "Microsoft" və "Google" şirkətlərinin nümayəndələri ilə də görüşüb. 
 
 "Microsoft" şirkətinin Qlobal Təhsil üzrə direktoru Dina Qobaşi ilə keçirilən ikitərəfli görüş zamanı təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tədris prosesinə inteqrasiyası, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafı və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər həmçinin "Microsoft" şirkətinin Azərbaycanda həyata keçirdiyi təşəbbüslərə də toxunublar. Şirkət tərəfindən "Rəqəmsal məktəb"də tətbiq edilən imkanların genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
 
 "Google" şirkətinin “Google for Education” üzrə regional direktoru Kolin Marson ilə keçirilən görüşdə isə məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.
Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan “Google for Education” alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.
 
Qeyd edək ki, 17-20 may tarixlərində keçirilən Dünya Təhsil Forumu “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusuna həsr olunub.
Избранный
36
10
moderator.az

10Источники