Olaylar xəbər verir ki, bunu Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba WUF13 çərçivəsində jurnalistlərə bildirib.
"Mən forumun təşkilatçılarına, foruma ev sahibliyi edən ölkəyə - Azərbaycan Respublikasına səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu, Bakıda möhtəşəm bir gün idi. Buna görə çox sağ olun. Ukraynaya göstərilən dəstəyə görə təşəkkür edirəm. Və əlbəttə, Ukrayna pavilyonunun mümkün olmasına kömək edən hər kəsə şəxsən minnətdarlığımı bildirmək istəyirəm", - deyə o bildirib.
O. Kuleba Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın çox məhsuldar olduğunu vurğulayıb.
"Mən düşünürəm ki, bu gün bu forum Azərbaycanla əməkdaşlığımızın ən bariz nümunəsidir. Təkcə bugünkü təqdimatımıza görə yox, eyni zaman ümumilikdə də, çünki hökumət üzvləri ilə əla görüşlərimiz oldu. Biz bir çox məsələləri və bir çox birgə layihələri müzakirə etdik. Artıq dediyim kimi, təkcə infrastrukturu deyil, həm də iqtisadiyyat və s. sahələri. Bərpa sahəsində Azərbaycanla birgə layihəmiz var ki, bu da Ukraynada bizim üçün çox simvolik olan bəzi obyektlərin bərpasına kömək edir. Biz xüsusilə Azərbaycan tərəfinin göstərdiyi yardımdan çox məmnunuq və ona görə minnətdarıq", - deyə o bildirib.