Rayon icra hakimiyyətinin, Gənclər və idman sektorunun və “Gənclər Evi” sosial xidmətlər müəssisəsinin birgə təşkilatçılığı ilə ağstafalı şəhid və qazi ailələrinin övladları üçün “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiya təşkil edilmişdir.
Ekskursiyadan əvvəl keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaətdən danışmış, ərazi bütövlüyümüzün bərpa olunmasında şəhid və qazilərimizin fədakarlıqlarını qeyd etmişdir. Bildirilmişdir ki, bütün ölkədə olduğu kimi, Ağstafada da şəhid ailələrinə və qazilərə qayğı diqqət mərkəzindədir.
Sonra “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev çıxış etmişdir. Bildirmişdir ki, qoruq yalnız arxeoloji baxımdan deyil, eyni zamanda milli-mənəvi dəyərlərin yaşadıldığı mühüm məkanlardan biridir.
İştirakçılar ekskursiya çərçivəsində Azərbaycan xalqının milli yaddaşında və mədəni irs sistemində xüsusi yer tutan qoruğun ərazisini gəzmişlər. Buradakı İlham Əliyev adına Zirvəsi barədə, eləcə də zəngin tarixi-mədəni irs, qədim yaşayış məskənləri, qayaüstü təsvirlərlə və arxeoloji abidələrlə yaxından tanış olmuşlar.
Ekskursiya zamanı uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və interaktiv oyunlar da keçirilmişdir.
Sabir ƏLİYEV,
“Azərbaycan”