RU

İran səfiri Mirzoyanın mirzəsi rolunda

Xəbər verildiyi kimi, İranın Ermənistandakı səfirliyi İsrail telekanallarından birinin efirində erməni bayrağı əvəzinə Azərbaycan bayrağının nümayiş etdirilməsi ilə bağlı insidentə özünəməxsus tərzdə reaksiya verib. Bu barədə "Azad İran" "Telegram" kanalı bildirib. “Heç kim Ermənistan Respublikasının gözəl bayrağının əvəzinə başqa bayraq göstərə bilməz. Ermənistan tarixi sivilizasiyadır və İran hər zaman onu dəstəkləyib”, - deyə Ermənistana olan xüsusi münasibətini gizlətməyən diplomatik missiyadan bildirilib.

Əslində İranın İrəvandakı səfirliyi həmişə özünü sanki Ermənistanın XİN-in filialı kimi aparıb. Əvvəlki səfir Mehdi Subhani faktiki XİN başçısı Ararat Mirzəyanın “mirzəsi” idi. Xələfi Şirqulami də göründüyü kimi, ondan geri qalmır.

Görəsən, Tehranın İrəvandakı səfirliyinə nə düşüb ki, rəsmi İrəvan olaya reaksiya vermədiyi halda, o, münasibət bildirir? Aborigen Türk əhalinin zorla qovulduğu, azərbaycanlı yaşayış məntqələrinin adlarının kütləvi şəkildə erməniləşdirildiyi monoetnik Ermənistan nə vaxtdan “tarixi sivilizasiya” məkanı olub?

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, İranın Ermənistandakı səfirliyinin bu məsələyə verdiyi reaksiya diplomatik etikadan daha çox siyasi tərəfkeşlik nümunəsi kimi görünür:

“Çünki ortada maraqlı paradoks var. Rəsmi İrəvan özü məsələni böyütmür, amma Tehranın İrəvandakı diplomatik missiyası dərhal emosional və nümayişkaranə bəyanat verir. Bu isə bir daha göstərir ki, İranın Ermənistandakı səfirliyi uzun illərdir klassik səfirlik funksiyasından çıxaraq, faktiki olaraq Ermənistanın regional siyasi tezislərinin müdafiə platformasına çevrilib. Azərbaycan torpaqları işğal altında olanda İranın Ermənistandakı səfirliyindən bu qədər emosional bəyanatlar eşidilmirdi. Amma hansısa görüntülərdə texniki və ya redaksiya səhvi baş verən kimi dərhal siyasi kampaniya ab-havası yaradılır”.

Əli

Ekspert qeyd edib ki, “Ermənistan tarixi sivilizasiyadır” kimi pafoslu ifadələrin arxasında isə siyasi manipulyasiya dayanır: “Əgər söhbət həqiqətən “tarixi sivilizasiya”dan gedirsə, o zaman ilk növbədə həmin ərazidən zorla qovulmuş yüz minlərlə azərbaycanlının taleyi yada salınmalıdır. Qərbi Azərbaycandakı türk-müsəlman irsinin sistemli şəkildə silinməsi, kənd və şəhər adlarının kütləvi erməniləşdirilməsi, məscidlərin dağıdılması hansı “sivilizasiya” anlayışına sığır?! Monoetnik dövlət modelini illərlə qoruyan bir ölkəni multikultural və ya qədim sivilizasiya nümunəsi kimi təqdim etmək siyasi riyakarlıqdan başqa bir şey deyil”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
46
musavat.com

1Источники