RU

Suya qənaət və ağıllı texnologiyalarla dayanıqlı şəhər modeli WUF13 də tanıdıldı”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Türkmənistan nümayəndə heyəti ağıllı şəhər konsepsiyası və dayanıqlı infrastruktur layihələri barədə məlumat verib.

Türkmənistan Prezidentinin yanında Arkadag şəhərinin tikintisi üzrə Dövlət Komitəsinin istismar şöbəsinin müdiri Dilfuza Şiriyeva Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, ölkələri quraq və isti iqlim qurşağında yerləşdiyi üçün su ehtiyatlarının qorunmasına xüsusi önəm verilir.

Onun sözlərinə görə, Türkmənistanda suyun dəyərini ifadə edən “bir damla su bir zərrə qızıl kimidir” fikri geniş yayılıb və bu yanaşma yeni şəhərsalma layihələrinin əsas prinsiplərindən birinə çevrilib. Məhz buna görə də Arkadağ şəhərində ekoloji dayanıqlılıq və resurslardan səmərəli istifadə əsas prioritet kimi nəzərə alınıb.

Dilfuza Şiriyeva qeyd edib ki, şəhərdə yağış sularının təkrar istifadəsi sistemi qurulub. Belə ki, yağıntı suları xüsusi sistemlər vasitəsilə toplanır və sonradan parkların, yaşıllıq sahələrinin və müxtəlif landşaft ərazilərinin suvarılmasında istifadə olunur. Bu yanaşma həm su israfının qarşısını alır, həm də şəhərin ekoloji tarazlığının qorunmasına xidmət edir.

Komitə rəsmisi əlavə edib ki, Arkadağ şəhərində alternativ enerji mənbələrindən istifadə də geniş şəkildə tətbiq olunur. Günəşli iqlim şəraiti nəzərə alınaraq şəhərdə günəş panelləri quraşdırılıb və bu sistemlər enerji təminatında mühüm rol oynayır. Günəş batareyaları vasitəsilə əldə olunan enerji hesabına ümumi enerji sərfiyyatı azalır, eyni zamanda ətraf mühitə təsirin minimuma endirilməsi hədəflənir.

O bildirib ki, şəhər “ağıllı şəhər” konsepsiyası əsasında inşa olunub və burada müasir texnologiyalar gündəlik həyatın bütün sahələrinə inteqrasiya edilib. Yaşayış binalarında ağıllı idarəetmə sistemləri tətbiq edilir, təhlükəsizlik və kommunal xidmətlər avtomatlaşdırılmış formada fəaliyyət göstərir. Bununla yanaşı, şəhərdə sakinlərin rahat yaşayışı üçün məktəblər, xəstəxanalar, poliklinikalar, banklar, sosial xidmət mərkəzləri və digər vacib infrastruktur obyektləri yaradılıb.

Dilfuza Şiriyeva vurğulayıb ki, bu layihələrin əsas məqsədi insanların rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı mühitdə yaşamasını təmin etməkdir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
bizimyol.info

1Источники