Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının XII Beynəlxalq Forumu keçirilib.
Hafta.az xəbər verir ki, ənənəvi forumun açılış mərasimində çıxışlarda İƏT Gənc İş Adamları Forumunun davamlılığı, onun Rusiya və İslam dünyası gəncləri arasında əlaqələrin gücləndirilməsində oynadığı rol, həmçinin investisiyayönümlü platforma kimi əhəmiyyəti xüsusi vurğulanıb.
İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov rəhbərlik etdiyi qurumun uzun illərdir Rusiya Federasiyasının Tatarıstan Respublikası hökuməti və respublikanın Gənclərlə İş Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib. O, forumun regional əhəmiyyətindən bəhs edərək, gənc iş adamlarının müəllifi olduqları startap layihələrinin inkişafı baxımından Kazan Forumunun mühüm rol oynadığını qeyd edib.
Açılış mərasimindən sonra startap nümayəndələrinin iştirakı ilə işçi sessiyalar təşkil olunub.
Növbəti mərhələdə Rusiya, Misir, Azərbaycan, İndoneziya, Malayziya, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı təmsil edən iştirakçılar öz startap layihələrinin ilkin təqdimatlarını ediblər. Forum çərçivəsində biznes planların inkişafı, hədəf auditoriyasının müəyyənləşdirilməsi, sahibkarlıq sahəsində çağırışlar və imkanlar mövzularında işçi qruplar arasında fikir mübadiləsi aparılıb.
Bağlanış mərasimində rəsmilərin çıxışlarından sonra forum iştirakçılarına sertifikatlar təqdim olunub.
Forum iştirakçıları tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirak edib, həmçinin Tatarıstanın sahibkarlıq və startap subyektləri ilə tanış olub, şəhərin görməli yerlərinə səfər ediblər.