RU

Bakının beynəlxalq diplomatik gücünün nümayişi - WUF13

“Bakıda keçirilən World Urban Forum 13 artıq təkcə urbanizasiya və şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın artan geosiyasi çəkisinin və qlobal diplomatik nüfuzunun nümayişinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən prezidentlərin, baş nazirlərin, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin və investor nümayəndələrinin Bakıya gəlməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və yeni regional güc mərkəzi kimi qəbul edildiyini bir daha təsdiqlədi”.
 
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

 Deputatın sözlərinə görə, Forum çərçivəsində səslənən fikirlər və xarici nümayəndələrin açıqlamaları göstərdi ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası, “ağıllı şəhər” texnologiyaları və yaşıl iqtisadiyyat modelini formalaşdıran ölkə kimi diqqət mərkəzinə çıxır.
“Bir çox xarici nümayəndə heyətləri çıxışlarında Bakının son illərdə keçdiyi inkişaf yolunu xüsusi vurğulayıblar. Xüsusilə BMT strukturlarının və beynəlxalq urbanistika təşkilatlarının təmsilçiləri Azərbaycanın müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma layihələrini müasir urbanizmin yeni modeli kimi dəyərləndirdilər. Xarici ekspertlər qeyd ediblər ki, Azərbaycan dağıdılmış ərazilərdə sıfırdan XXI əsrin şəhərlərini qurur. Bu yanaşma Bakının beynəlxalq urbanizasiya gündəliyində nümunəvi ölkələrdən birinə çevrilməsinə səbəb olur”, - o qeyd edib.

Deputat əlavə edib ki, Forumda iştirak edən  ölkələrin nazirləri və hökumət nümayəndələri Azərbaycanın hər zaman olduğu kimi təşkilatçılıq qabiliyyətini də yüksək qiymətləndiriblər. “Onların fikrincə, minlərlə nümayəndənin iştirak etdiyi tədbirin yüksək təhlükəsizlik, logistika və koordinasiya şəraitində keçirilməsi Azərbaycanın artıq qlobal tədbirlərin əsas ünvanlarından birinə çevrildiyini göstərir. Bu isə ölkənin “yumşaq güc” imkanlarını daha da artırır”, - o vurğualyıb.

Deputat əlavə edib ki, WUF13 çərçivəsində ən diqqətçəkən məqamlardan biri Bakının qlobal problemlərin müzakirə olunduğu platformaya çevrilməsidir: “Mənzil böhranı, iqlim dəyişikliyi, şəhərlərin dayanıqlı inkişafı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və sosial inklüzivlik kimi mövzular ətrafında aparılan müzakirələr göstərdi ki, Azərbaycan artıq qlobal siyasətin yalnız müşahidəçisi deyil, həm də fəal iştirakçısıdır.

Xarici nümayəndələrin açıqlamalarında Azərbaycanın tranzit-logistika imkanları, xüsusən də Bakının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas mərkəzlərindən birinə çevrildiyini qeyd edirlər. Bu isə WUF13 forumunun geoiqtisadi əhəmiyyətini artıran əsas amillərdəndir. Çünki forum təkcə siyasi nüfuz deyil, həm də investisiya və iqtisadi əməkdaşlıq platforması rolunu oynayır.

Azərbaycan üçün forumun ən böyük dividendlərindən biri beynəlxalq investisiya imkanlarının genişlənməsidir. “Ağıllı şəhər”, yaşıl enerji, rəqəmsal infrastruktur, şəhər nəqliyyatı, tullantıların idarə edilməsi və urbanistik texnologiyalar sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin Bakıya marağının artması gələcəkdə yeni iqtisadi layihələrin reallaşmasına şərait yarada bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr beynəlxalq investorlar üçün yeni bazar kimi təqdim olunur.

Digər mühüm məsələ Azərbaycanın beynəlxalq imicinin daha da güclənməsidir. Dünyada siyasi qarşıdurmaların, iqtisadi böhranların və təhlükəsizlik risklərinin artdığı bir vaxtda Bakının belə mötəbər qlobal tədbirə uğurla ev sahibliyi etməsi ölkənin sabitlik və təhlükəsizlik adası kimi qəbul edilməsini gücləndirir. Xarici qonaqların səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan artıq regional diplomatik platforma statusunu xeyli aşaraq beynəlxalq dialoq mərkəzinə çevrilməkdədir.

Forum çərçivəsində keçirilən assambleyalar və dəyirmi masalar isə Azərbaycanın çoxtərəfli əməkdaşlıq modelini də ön plana çıxardı. Yerli hökumətlər, biznes dairələri, qadın təşkilatları, gənclər platformaları və beynəlxalq qurumların eyni masa arxasında müzakirələr aparması Bakının müxtəlif maraqları uzlaşdıran qlobal dialoq məkanı rolunu gücləndirdi.
WUF13 Azərbaycanın qarşısında duran strateji hədəflərə çatması baxımından da mühüm əhəmiyyət daşıyır. Bakı forum vasitəsilə postneft iqtisadiyyatına keçid, yaşıl inkişaf modeli, rəqəmsal transformasiya və beynəlxalq investisiya cəlbi istiqamətində yeni imkanlar əldə edir. Bu tədbir həm də Azərbaycanın COP prosesindən sonra qlobal iqlim və dayanıqlı inkişaf gündəliyində aktiv rolunu davam etdirdiyini göstərir.

Nəticə etibarilə, WUF13 Bakıda keçirilən adi beynəlxalq forum deyil. Bu tədbir Azərbaycanın yeni geosiyasi reallıqlar fonunda artan nüfuzunun, iqtisadi transformasiya strategiyasının və beynəlxalq diplomatik gücünün nümayişidir. Xarici nümayəndələrin və dünya liderlərinin Bakıda səsləndirdiyi fikirlər də təsdiqləyir ki, Azərbaycan artıq regionun gələcəyini formalaşdıran əsas aktorlardan biri kimi qəbul olunur”.
 
Mürtəza

Избранный
17
2
olke.az

3Источники