RU

Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir

Mayın 17-də Bakıda işə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya mediasının diqqət mərkəzindədir.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq media qurumlarının Sessiya ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.

Pakistanın “The Nation”, “Daily Times”, “The News” nəşrlərində dərc olunan məqalələrdə qardaş ölkənin WUF13-də nazirlər və digər yüksəkvəzifəli rəsmilərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunduğu bildirilib. Xəbərlərdə Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin Pəncabın əlçatan mənzil layihəsini beynəlxalq auditoriyaya təqdim edəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, materiallarda WUF13-ün beynəlxalq əhəmiyyətli platforma olduğu, Sessiyanın dünya liderlərini, investorları və şəhərsalma ekspertlərini bir araya gətirdiyi vurğulanıb. Bundan başqa, Azərbaycanın bu mötəbər tədbirə uğurla ev sahibliyi etdiyi, Pakistan nümayəndə heyətinin Bakıda yüksək qonaqpərvərliklə qarşılandığı məmnunluqla bildirilib.

Çinin “Sinxua” agentliyi də Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 barədə silsilə məqalələr yayımlayıb. Məqalələrdə WUF13-ün şəhərsalma, əlçatan mənzil və dayanıqlı şəhər inkişafı üzrə mühüm qlobal platforma olduğu qeyd edilib, Bakının müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşdığı vurğulanıb, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşdırdığı oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, Çin ekspertlərinin fikirlərinə yer verilərək, Çinin urbanizasiya və əlçatan mənzil sahəsində təcrübəsinin Azərbaycan və inkişaf etməkdə olan digər ölkələr üçün faydalı nümunə olduğu, WUF13-ün isə Bakı üçün uzunmüddətli şəhər yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Rusdilli nəşrlərdə də WUF13-ə barədə silsilə məqalələr dərc olunub. “Moscow-baku.ru”, “Vestnik Kavkaza” və digər portallarda dərc olunan yazılarda Azərbaycan hökuməti və UN-Habitat tərəfindən birgə təşkil olunan tədbirdə 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qeydə alındığı vurğulanıb. İlk dəfə olaraq Sessiya çərçivəsində nazirlər görüşü və Liderlər Sammiti seqmentlərinin də təşkil edildiyi diqqətə çatdırılıb. Bakıdakı müzakirələrin əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və “ağıllı şəhər” modellərinə həsr olunduğu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və yaşıl enerji zonası layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub.

Избранный
6
21
publika.az

10Источники