Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru, tarix elmləri doktoru, professor Hacıbaba Əzimov vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Hacıbaba Əzimov 1 avqust 1938-ci ildə Lənkəran şəhərində anadan olub. O, 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini, 1960-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1966-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasını bitirib.
Əmək fəaliyyəti dövründə Arxivlər İdarəsində baş elmi işçi-baş inspektor, Tarix İnstitutunda elmi işçi, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildə Azərbaycanın xalq deputatı seçilən Hacıbaba Əzimov, 1991-ci ildə SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə səs verən və Azərbaycanın müstəqilliyini dəstəkləyən cəmi 43 deputatdan biri olub. O, həmin dövrdə “istiqlalçı deputatlar” sırasında tanınıb.
1991-1992-ci illərdə Bakı Dövlət Universitetinin Lənkəran filialının təşkilatçısı və direktoru olan professor Hacıbaba Əzimov, 1992-1997-ci illərdə isə Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru kimi fəaliyyət göstərib.