RU

Qazax rayonunda “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib

15 may 2026-cı il tarixində Qazax rayonunun Ağköynək kəndində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “GƏNC QƏHRƏMANLARIMIZI TANIYAQ!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, eləcə də gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması olub.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onlarda vətən sevgisini və milli dəyərlərə bağlılığı gücləndirməkdir.

Azər Əliyev qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin, bilik yarışlarının və şahmat turnirinin keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına xidmət edir.

Daha sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri, istefada olan mayor Xasay Ballayev, həmin birliyin Qazax rayon filialının sədr müavini, şəhid atası kapitan Müqabil Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatları İctimai Birliyinin Qazax rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibəsi veteranı Azər Məmmədov, eləcə də Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev şəhidlərimizin qəhrəmanlığından, keçdikləri şərəfli döyüş yolundan və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyindən danışıblar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan gəncliyi hər zaman dövlətinə və xalqına bağlı olmalı, milli-mənəvi dəyərləri qorumalı və şəhidlərimizin əmanəti olan Vətənə layiq vətəndaş kimi yetişməlidir. Qeyd olunub ki, bu cür layihələr gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin sonunda məktəblilər və gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək şəhidlərimizin xatirəsinin daim uca tutulacağını bildiriblər. Görüş qarşılıqlı müzakirələr və diskussiya şəraitində davam edib.

Избранный
9
8
qht.az

9Источники