RU

Xankəndidə ekoloji risklərin idarə olunmasına həsr edilmiş konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə mayın 15-də Qarabağ Universitetində "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi" mövzusunda konfrans keçirilib.

Bu barədə Ekologiya.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də aidiyyəti dövlət qurumlarının və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl iştirakçılar FHN-ə məxsus xüsusi kimya təyinatlı və fərdi mühafizə vasitələri, müasir radiasiya cihazları, yanğınsöndürmə və xilasetmə texnikası ilə tanış olublar.

Nazirliyin mütəxəssisləri avadanlıqların istifadə qaydaları və fövqəladə hallar zamanı tətbiqi barədə ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov mülki müdafiə sahəsində maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov isə ekoloji risklərin vaxtında müəyyən olunması, qarşısının alınması və qurumlararası koordinasiyanın vacibliyindən danışıb.

Konfrans çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərkosmos" və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri də çıxış edərək mülki müdafiə sahəsində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonda mülki müdafiə işinin təşkili sahəsində fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyinin "Fəxri fərman"ı ilə təltif olunublar.

Избранный
6
2
ekologiya.az

3Источники