“Metronun rəhbəri Vüsal Aslanovla yaxından-uzaqdan heç bir tanışlığım yoxdur. Metronun yaxınlığında yaşadığımdan bu rahat nəqliyyat vasitəsindən mütəmadi istifadə etmişəm (xidməti avtomobilim olduğu vaxtlarda da). Sosial şəbəkədəki müzakirələrdən sonra Vüsal Aslanovun çıxışının həmin hissəsinə baxdım, fikrini düzgün çatdıra bilməsə də, nə demək istədiyi mənə aydın oldu”.
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Anar Cəbrayıllı bildirib.
O, məsələni belə izah edib: “Son dövrlər qatarlararası interval 1 dəqiqədən aşağı salınsa belə, metrodakı sıxlıq, xüsusən də 28 May stansiyasında azalmırkı, əksinə artır. Pik vaxtlarda bu keçid stansiyasında necə deyərlər, iynə atsan yerə düşməz. Hamımızın da xəbəri var, artıq 28 May stansiyasında xətlərin ayrılması istiqamətində işlərə başlanıb. Burada işlər qurtarmayanadək yeni stansiyaların işə salınması bu gün yaşadığımız sıxlığı idarəedilməz vəziyyətə gətirər”.