RU

İran Hörmüz boğazına nəzarət edir

İran yayımladığı xəritədə cizgilərlə işarələnmiş ərazini nəzarətdə saxladıqlarını bildirmişdi.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper ABŞ və İsrailin hava hücumları nəticəsində İranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədilməsinə baxmayaraq, Tehranın Hörmüz boğazı üzərindəki nəzarətini davam etdirdiyini bildirib.

Kuper bu barədə ABŞ Afrika Komandanlığının (AFRICOM) komandanı general Daqvin Anderson ilə birlikdə Senatın Silahlı Qüvvələr Komitəsi tərəfindən təşkil edilən "İran ilə yaşanan münaqişə və Afrikadakı hərbi hazırlıq vəziyyəti" başlıqlı iclasda danışıb.

İclasdakı açılış nitqində Kuper ABŞ və İsrail tərəfindən İranın silah istehsalı müəssisələrinə 1 450-dən çox hücum təşkil edildiyini bildirərək, bu zərbələrlə İranın ballistik raket, pilotsuz uçuş aparatı (PUA) və dəniz sənayesi bazasının 85 faizindən çoxunu zədələyərək məhv etdiklərini iddia edib.

Kuper senatorlara İranın donanmasını yenidən inşa etməsinin "bir nəsil" vaxt aparacağını, PUA və raket istehsalının bərpasının isə illər çəkəcəyini söyləyib.

ABŞ və İsrailin hava hücumları nəticəsində İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini irəli sürən Kuper, buna baxmayaraq Tehranın Hörmüz boğazına nəzarət etməyə davam etdiyini vurğulayıb:

"İranın boğazlar vasitəsilə ticarəti dayandırmaq qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb. Lakin səsləri çox yüksək çıxır və bu təhdidlər ticarət və sığorta sektoru tərəfindən aydın şəkildə eşidilir".

ABŞ qüvvələrinin İranın 8 min dəniz minasından ibarət inventarının 90 faizindən çoxunu məhv edərək boğazda yerləşdirilməsinin qarşısını aldığını müdafiə edən Kuper, bununla belə İranın hələ də gəmiləri təhdid edə biləcək bəzi imkanlara sahib olduğunu ifadə edib.

Kuper bir suala cavab olaraq bildirib ki, ABŞ hərbi yolla Hörmüz boğazını yenidən açmaq variantına sahibdir, lakin bu, siyasi qərar qəbul edənlərin verəcəyi bir qərardır.

İran ilə münaqişənin daha nə qədər davam edəcəyi sualına isə Kuper, ABŞ donanmasının İran limanlarına tətbiq etdiyi blokada və keçən həftə baş verən qarşılıqlı atışmalara baxmayaraq, 7 apreldə əldə olunan atəşkəsin hələ də qüvvədə olduğunu qeyd edib.

Kuper Amerika qoşunlarının bölgədən nə zaman çıxarılmağa başlanacağına dair hər hansı bir vaxt qrafiki təqdim etməyib.

Miçiqan senatoru, demokrat Elissa Slotkinin Çin və Rusiyanın İrana kəşfiyyat məlumatı verib-vermədiyi barədə sualına isə Kuper bu mövzunun məxfi mühitdə müzakirə edilməli olduğunu deyərək cavab verməkdən yayınıb.

Избранный
45
cebheinfo.az

1Источники