RU

Politoloqdan mühüm açıqlama: “İyun seçkiləri region üçün dönüş nöqtəsidir”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Nikol Paşinyanın yenidən hakimiyyətə gəlməsi ehtimalı müzakirə olunur. Lakin parlamentdə qüvvələr balansının dəyişməsi siyasi sabitlik baxımından narahatlıq doğura bilər. Eyni zamanda, Ermənistan cəmiyyətində Türkiyə və Azərbaycana qarşı formalaşmış münasibətin tam dəyişməməsi prosesi daha da mürəkkəbləşdirir.Parlament seçkilərindən sonra Ermənistanda siyasi qüvvələr balansının dəyişməsi ölkənin xarici siyasət kursuna necə təsir edə bilər? Eyni zamanda bu, Azərbaycana necə təsir edəcək? Yenidən müharibə ehtimalı varmı? ABŞ-ın vasitəçiliyi necə olacaq?

Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, etiraf etmək lazımdır, Ermənistanda iyunun 7-də baş tutacaq parlament seçkiləri bütövlükdə Cənubi Qafqaz regionunda ümumi vəziyyətə çox ciddi təsir göstərə bilər.

Politoloqun fikrincə, bunun bir sıra səbəbləri var. Ən başlıcası odur ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh prosesi inkişaf etməkdədir və bu istiqamətdə proses davam edir:

“Təbii ki, bu sülh gündəliyi hər zaman qeyd olunur və hesab edirəm ki, bunu təkrar vurğulamaq faydalıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, gücü və iradəsi, eləcə də Prezidentin qətiyyəti Cənubi Qafqazda cərəyan edən yeni prosesləri şərtləndirir və artıq sülhün əldə olunması istiqamətində ciddi addımlar atılıb. Eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyası prosesi irəliləyir, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoq mühiti formalaşır. Hər iki ölkə cəmiyyətinin qarşılıqlı səfərləri də bu prosesin inkişafına töhfə verir və bu, gələcəkdə daha dayanıqlı sülh üçün mühüm addımdır”.

Politoloq vurğulayıb ki, əgər Nikol Paşinyan bu seçkilərdə məğlub olarsa, şübhəsiz ki, sülh gündəliyi də sual altına düşə bilər. Çünki ona qarşı əsas ittihamlar 2020-ci il məğlubiyyəti, Qarabağla bağlı qərarlar və 2018-ci ildə verdiyi sosial-iqtisadi vədlərin tam yerinə yetirilməməsi ilə bağlıdır.

“Müxalif düşərgədə əsasən Samvel Karapetyan, Robert Köçəryan və Qagik Çarukyanın rəhbərlik etdiyi bloklar Paşinyan üçün ciddi rəqib hesab olunur və onların qələbəsi regiondakı proseslərin formasını dəyişə bilər.

Hazırkı vəziyyətdə Paşinyanın hakimiyyətdə qalması Azərbaycanla dialoqun və sülh prosesinin davamına imkan yaradır. Onun Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29,8 min kvadrat kilometr sərhədləri xəritəsini təqdim etməsi də bu yanaşmanın göstəricisidir və bu, Paşinyanın hakimiyyətdə qalmasının sülh prosesinin məntiqi sonluğa yaxınlaşması anlamına gəldiyini göstərir.

Əks halda, koalision hökumətin formalaşması və ya müxalifətin qələbəsi Ermənistanın həm region siyasətini, həm də Avropa İttifaqı ilə münasibətlərini dəyişə bilər. Çünki Karapetyan və Köçəryan xətti daha çox Rusiya ilə yaxınlaşmanı dəstəkləyir. Bu isə Ermənistanın xarici siyasət kursunda fərqli istiqamət yarada bilər”, – deyə politoloq bildirib.

Paşinyanın isə Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirməyə çalışdığı qeyd olunur. Politoloqun fikrincə, Avropa siyasi dairələrinin ona ciddi təsir imkanları mövcuddur. Avropa Siyasi Birliyi toplantısının Ermənistanda keçirilməsi və bu çərçivədə atılan addımlar da bunu göstərir. Həmçinin seçkiöncəsi Avropa İttifaqının Ermənistana maliyyə və siyasi dəstəyi prosesə təsir edən amillərdəndir.

Elşad Mirbəşiroğlu hesab edir ki, ümumilikdə bu seçkilər Rusiya ilə Qərb arasında geosiyasi mübarizə xarakteri daşıyır. Eyni zamanda Paşinyanın Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri tam kəsmək istəməməsi də onun balans siyasətini göstərir. Çünki bu struktur hələlik Ermənistanın iqtisadi maraqlarına cavab verir.

Politoloq hesab edir ki, əgər Paşinyan seçkilərdə qalib gələ bilməsə, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində Amerika Birləşmiş Ştatları-nın da təsir imkanları zəifləyə bilər. Çünki yeni hakimiyyətin geosiyasi prioritetləri fərqli olacaq. Bu baxımdan Ermənistanda seçkilərin gərgin keçəcəyi proqnozlaşdırılır və Paşinyanın rəqiblərinin prosesə ciddi hazırlaşdıqları qeyd olunur.

Politoloqun fikrincə, Ermənistanda Paşinyanın reytinqi çox yüksək deyil. Onu Ermənistanın maraqlarını satmaqda ittiham edən qüvvələr arqumentlərini getdikcə daha da gücləndirirlər.

Bununla belə, Paşinyanın müəyyən kənar dəstəyi də mövcuddur və onun məğlubiyyətini qəti şəkildə proqnozlaşdırmaq çətindir. Qərbin maliyyə və informasiya dəstəyi, eləcə də xaricdə yaşayan bəzi erməni vətəndaşların səsvermə imkanlarının məhdudluğu seçki nəticələrinə təsir edən amillər sırasındadır. Buna görə də iyun seçkiləri bütövlükdə regionun geosiyasi mənzərəsinə ciddi təsir göstərə biləcək mühüm mərhələ kimi qiymətləndirilir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
bizimyol.info

1Источники