Fotoda: Müşfiq ƏləsgərliMüşfiq Ələsgərli deyir ki, günümüzdə ən narahatedici məsələ dezinformasiyanın kəmiyyətinin sürətlə artmasıdır: “Təsadüfi deyil ki, Davos İqtisadi Forumu sonuncu yığıncağında dezinformasiyanı səviyyəsinə görə dünya üçün 10 risk sırasında 2-ci yerdə yerləşdirib. Çox təəssüf ki, bu gün dezinformasiya təkcə rəqib dövlətləri deyil, həm də bütöv xalqları, cəmiyyətləri, hətta adi fərdləri də hədəfə gətirərək ciddi zərər vura bilir. Fərdlərin dezinformasiyadan müdafiəsi daha çətin olur”. Psixoloji təsir: görünməz zərbəPsixoloq Vüsalə Rüstəm də bildirir ki, dezinformasiya yalnız informasiya problemi deyil, həm də psixoloji təhlükədir: “Saxta xəbər fərdlərdə, hədəfə çevrilmiş insanlarda qorxu, təşviş və ümidsizlik yaradır. Beyin davamlı stress altında qalanda qərarvermə zəifləyir. Bir xəbər bəzən bir ölkəni yox, bir insanın həyatını dağıdır. Sosial şəbəkədə saniyələr içində edilən paylaşım illərlə silinməyən ləkəyə çevrilə bilir. Dezinformasiya məhz buna görə təhlükəlidir - o, görünmədən vurur”.
Fotoda: Vüsalə RüstəmPsixoloqun sözlərinə görə, uzunmüddətli dezinformasiya təsiri insanlarda güvənsizlik və reallıqla bağlı çaşqınlıq yaradır: “İnsan bir müddət sonra həqiqəti yox, eşitmək istədiyini qəbul etməyə başlayır. Bu, manipulyasiyanın ən təhlükəli mərhələsidir”. Vüsalə Rüstəmin fikrincə, informasiya bolluğu özü də risk yaradır: “İnsan beyni gündə yüzlərlə xəbər arasında qalanda yorulur. Bol informasiya şüuraltındakı yeri demək olar ki, tamamilə doldurur. İnsanda nevrotik tutmalar, depressiya, yuxusuzluq, ürək-damar problemləri yaradır. İnsanın həyat eşqi ölür, ruhən rəngsizləşir, çünki beynimiz bir müddət sonra süzməni dayandırır və yorulur. Nəticədə ya hər şeyə inanır, ya da heç nəyə”. Media savadlılığı: müdafiənin yeganə yolu Mütəxəssislər hesab edirlər ki, dezinformasiyaya qarşı ən effektiv vasitə media savadlılığının inkişaf etdirilməsidir. Media savadlılığı informasiyanı yoxlamaq, mənbəni qiymətləndirmək və tənqidi düşünmək bacarığı deməkdir. Müasir dövrdə hər bir istifadəçi həm oxucu, həm də yayımçıdır. Əgər hər hansı bir fərd media savadlılığına malik olmasa, o həm istehlak etdiyi məlumatlarda, həm də istehsal etdiyi xəbərlərdə yanlışlara yol verəcək. İnformasiya əsrində təhlükə artıq yalnız fiziki deyil. Bəzən bir telefon ekranında görünən xəbər bir insanın reputasiyasını, psixologiyasını və həyatını dəyişə bilər. Müşfiq Ələsgərli deyir ki, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Qanunun 10-cu maddəsi ölkə vətəndaşlarının media savadlılığının artırılması yönündə öhdəlikləri müəyyən edir. Buna uyğun olaraq, müxtəlif proqramlar icra olunur, tədbirlər gerçəkləşdirilir: “Əlamətdar haldır ki, Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək üçün xüsusi proqram və internet informasiya resursu hazırlayıb. 2023-cü ildə Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhvəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Agentliyin media savadlılığının artırılması üzrə proqramları bu cür sistemli şəkildə təşkil etməsi vətəndaşların mövzuya marağını artırır. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 