RU

Sertifikasiyada maksimal nəticə göstərənlərin sayı niyə azdır? -AÇIQLAMA

Naxçıvanda alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün sertifikasiya imtahanları keçirilib. İmtahanda 2748 nəfər iştirak edib. 14 nəfər isə 60 bal toplayıb.

Bəs 3 minə yaxın müəllimdən cəmi 14 nəfərin maksimal nəticə göstərməsi az deyilmi?

"Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıqlamasında qeyd etdi ki, sertifikasiyadan yüksək bal toplayanların sayını az və ya çox kimi qiymətləndirmək bir qədər kontekstdən asılıdır:

"İmtahanda 2748 nəfər iştirak edib, 14 nəfər isə maksimal nəticə göstərib. Bu isə təxminən 0,5 faiz edir. Sertifikasiya imtahanlarında maksimal bal toplamaq həddindən artıq çətin olur, çünki suallar müxtəlif çətinlik səviyyələrini əhatə edir. Ən xırda səhv belə tam balın itirilməsinə səbəb olur. İştirakçılar fərqli fənlər üzrə imtahan verirlər və bütün fənlərdə nəticələr eyni olmur. Bu baxımdan, 14 nəfərin 60 bal toplaması qeyri-adi görünməyə bilər".

Müsahibimiz qeyd etdi ki, bir çox ölkədə və imtahan sistemində tam nəticə göstərənlərin payı həddindən artıq aşağı olur.

"Amma digər tərəfdən, əgər imtahan müəllimlərin peşəkar inkişafını ölçmək məqsədi daşıyırsa və iştirakçıların böyük hissəsi artıq işləyən müəllimlərdirsə, onda cəmi 14 nəfərin maksimal nəticə əldə etməsi müəyyən suallar yarada bilər. İmtahan həddindən artıq çətin olub? Qiymətləndirmə meyarı sərt olubmu? Hazırlıq səviyyəsində problem varmı? Sualların səviyyəsi qənaətbəxş olubmu? Yəni rəqəm statistik olaraq təbii görünə bilər, amma təhsil keyfiyyəti baxımından müzakirə mövzusu hesab oluna bilər", - deyə R.Fikrətoğlu yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Избранный
74
1
redaktor.az

2Источники