RU

"Minsk qrupu münaqişəni həll etmək deyil, idarə etmək üçün yaradılmışdı" - Tofiq Zülfüqarov

"Minsk qrupu barədə yeni nəsə demək çox çətindir. Amma retrospektiv baxımdan Prezident bu quruma həm çox dolğun və dəqiq qiymət verib, həm də onların fəaliyyətini təhlil edib".

Redaktor.az xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Mən bu prosesdə əvvəldən iştirak etmişəm. Bilirsiniz ki, müstəqillik yenicə qazanıldıqdan dərhal sonra Azərbaycan rəsmi şəkildə ATƏM-ə müraciət etmişdi və ATƏM-dən o vaxt təşkilatın adı hələ ATƏM idi vasitəçilik istəmişdi. Məqsəd də ondan ibarət idi ki, Azərbaycandakı siyasətçilər, heç olmasa onların bir qismi, qarşımızda böyük bir təhlükənin olduğunu görürdülər və düşünürdülər ki, bu təhlükənin qarşısını almaq üçün beynəlxalq təşkilat öz prinsiplərinə, ən azı bəyan etdiyi prinsiplərə uyğun olaraq Azərbaycanı bu bəladan xilas edəcək.

Amma təəssüf ki, belə olmadı. Ümumiyyətlə, o dövrə qayıtdıqda görürük ki, bizim ictimaiyyətə beynəlxalq münasibətlərdə mövcud olan qaydalar, qanunlar və ümumi tendensiyalar o qədər də aydın deyildi. Biz müəyyən mənada illüziyalar içində yaşayan bir cəmiyyət idik. İnanırdıq ki, əgər kimsə beynəlxalq təşkilat adından çıxış edirsə, deməli, onun dedikləri mütləq yerinə yetiriləcək. Lakin sonradan bu prosesdə iştirak etdikcə başa düşdük ki, bu, əslində konfliktin idarə olunmasına, yəni konflikt menecmentinə xidmət edən bir mexanizmdir. Başqa sözlə desək, həmin qurum bu bölgəni münaqişə vasitəsilə idarə etmək üçün yaradılmış bir qrup idi. Təcrübə də göstərdi ki, məqsəd münaqişəni həll etmək deyil, əksinə, onun müəyyən elementlərindən istifadə edərək həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını qoruyub saxlamaq idi".

Xədicə BAXIŞLI

Избранный
45
1
redaktor.az

2Источники