RU

Səadət Bayramova: “Sağlam şəhər insanı yaşadan şəhərdir”

Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova QHT.az-a açıqlama verib və açıqlamasında Bakı şəhərində keçiriləcək World Urban Forum 13 (WUF13) ilə bağlı fikirlərini və ümumilikdə şəhərsalma ilə sağlamlıq arasındakı əlaqəyə dair mövqeyini bildirib.

S.Bayramovanın sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu və açıq, inkişaf edən dövlət kimi mövqeyini göstərir: Bu gün ölkəmizdə çox mühüm beynəlxalq tədbirə – WUF13-ə hazırlıqların getməsi hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırır. Xüsusilə Bakı şəhərinin belə böyük beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməsi həm ölkəmizin nüfuzunun göstəricisidir, həm də Azərbaycanın dünyaya açıq, inkişaf edən və qlobal problemlərə həssas yanaşan bir ölkə olduğunu göstərir. Mən bir ictimai təşkilat rəhbəri olaraq bununla fəxr edirəm.

Səadət Bayramova bildirib ki, bu tədbirlər təkcə diplomatik deyil, həm də insanların sağlamlığı və gələcəyi ilə bağlı mühüm platformalardır: Çünki bu kimi beynəlxalq tədbirlər təkcə siyasət və diplomatiya deyil. Bu tədbirlər insanların həyatı, sağlamlığı, gələcəyi və yaşadığı mühit haqqında verilən mühüm qərarların platformasıdır.

Sədr vurğulayıb ki, şəhərsalma və urbanizasiya birbaşa insan sağlamlığına təsir edən mühüm sahələrdir: Mən səhiyyə istiqamətli təşkilatların rəhbəri kimi hər gün sağlamlıq imkanları məhdud uşaqlarla, ağır xroniki xəstəliklərdən əziyyət çəkən insanlarla təmasda oluram. Bizim fəaliyyət göstərdiyimiz sahədə dərman, müalicə və tibbi xidmət nə qədər vacibdirsə, insanların yaşadığı mühit də bir o qədər həyati əhəmiyyət daşıyır.

O qeyd edib ki, təmiz hava və ekoloji mühit xəstələrin həyat keyfiyyəti üçün əsas amillərdəndir: Xüsusilə də təmiz hava.

Səadət Bayramova bildirib ki, urbanizasiya yalnız estetik deyil, birbaşa sağlamlıq məsələsidir: Bəzən insanlar düşünür ki, şəhərsalma, urbanizasiya və yaşıllaşdırma yalnız memarlıq və estetika məsələsidir. Amma əslində bu, birbaşa insan sağlamlığı ilə bağlıdır. Ağıllı şəhərlər dedikdə biz yalnız müasir binaları və texnologiyanı yox, insanın rahat və sağlam yaşaya bildiyi bir mühiti nəzərdə tutmalıyıq.

Sədr vurğulayıb ki, xroniki ağciyər xəstələri üçün mühit və hava keyfiyyəti həyati əhəmiyyət daşıyır: Məsələn, kistoz fibroz və digər ağciyər problemləri, eləcə də tənəffüs çətinlikləri ilə mübarizə aparan pasiyentləri götürək. Onların həyatı yalnız dərmanlardan asılı deyil. Təmiz hava, oksigen, yaşıl mühit və ekoloji balans onların gündəlik həyat keyfiyyətinə birbaşa təsir edir.

Səadət Bayramova qeyd edib ki, hava çirkliliyi belə xəstələrin vəziyyətini ağırlaşdırır: Hava çirkliliyi, ağır atmosfer və yaşıllığın azlığı isə belə xəstələrin vəziyyətini daha da ağırlaşdıra bilər.

Sədr bildirib ki, şəhər planlaşdırılmasında sağlamlıq meyarları prioritet olmalıdır: Bu səbəbdən hesab edirəm ki, gələcəyin şəhərləri planlaşdırılarkən sağlamlıq meyarları ən yüksək səviyyədə nəzərə alınmalıdır. Şəhərlərdə parkların və yaşıllıq zonalarının artırılması, ekoloji nəqliyyatın inkişafı, havanın keyfiyyətinə nəzarət və insanların nəfəs ala biləcəyi sağlam mühitin yaradılması artıq seçim deyil — zərurətdir.

S.Bayramovanın sözlərinə görə, sağlam şəhər insanın yaşamını təmin edən əsas mühitdir: Çünki sağlam şəhər yalnız gözəl şəhər deyil. Sağlam şəhər insanı yaşadan şəhərdir.

Səadət Bayramova bildirib ki, iqlim dəyişiklikləri və urbanizasiya fonunda ekoloji məsələlər daha da aktuallaşır: Bu gün dünyada iqlim dəyişiklikləri, ekoloji problemlər və urbanizasiya sürətlə artır. Belə bir dövrdə Azərbaycanın beynəlxalq platformalarda bu mövzulara diqqət ayırması çox vacib və dəyərlidir.

Sədr vurğulayıb ki, belə tədbirlər gələcəkdə daha yaşıl və sağlam şəhərlərin qurulmasına töhfə verəcək: Mən inanıram ki, ölkəmizdə keçirilən bu kimi beynəlxalq tədbirlər gələcəkdə daha sağlam, daha yaşıl və daha humanist şəhərlərin qurulmasına töhfə verəcək.

Səadət Bayramova qeyd edib ki, hər bir insanın əsas hüququ sağlam nəfəs almaqdır: Çünki hər bir insanın ən əsas haqqı sağlam nəfəs almaqdır.

Fatimə Nəbiyeva

Избранный
43
qht.az

1Источники