RU

"Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar" - Zahid Oruc

"Ermənistanda seçkiqabağı baş qaldıran revanşizmin fəallaşması bölgəmiz üçün yeni risklər yaradır. Təəssüflər olsun ki, aparılan təbliğat kampaniyasının hədəflərindən biri Azərbaycana qarşı Qarabağ hərəkatı, separatçılıq şüarları, 44 günlük müharibənin nəticələri, itirilmiş torpaqların ədalətli və sülh müqaviləsinin şərtlərinin istismarı təşkil edir. Və İrəvanda bu sifarişli müharibə partiyasına ən azı üç dövlət dəstək olur".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bildirdi.

Onun sözlərinə görə, Ağrı dağını simvola çevirən və bayraq yandıranların seçkilərdə şansları yoxdur, lakin Avropa və qonşu ölkələrin siyasi rəhbərliyində “Zəngəzur açılarsa Gülüstan və Türkmənçay müqavilələrinin üzərindən xətt çəkilir, Azərbaycan bütövləşir” demələri səbəbsiz deyil:

"Əsrlər boyu türk-azərbaycanlı xofunu ermənilərin şüuraltına yeridən və ərazisində ordu saxlayanlar indi azərbaycanlı-erməni liderlərinin vasitəsiz danışıqlarını, əməkdaşlığını və Qarabağ məsələsinin gündəlikdən çıxmasını görüb ənənəvi qorxu siyasətini sata bilmədiklərindən qəzəblənirlər. “Qarabağ Azərbaycanın tərkibini kim birinci tanıyır?” mübahisəsi düz dörd ildir ki, gedir. Halbuki qələbəmizin legitimliyinin beynəlxalq səviyyədə qəbulu xarici dövlətlərin xalqımıza lütfü deyil, apardığımız müharibənin hüquqi və ədalətli nəticəsidir. Nikol Paşinyan qarşıdakı seçkilərdə uğur qazanmasa belə, onun müxaliflərinin heç biri zəfərimizə və sülh müqaviləsinə zərbə vura bilməz. Əksinə, yaxın 20 ildə Ermənistanın Azərbaycana bərabər hərbi gücü yarana bilməyəcəyi üçün müharibə partiyasının seçkilərdə qələbəsi erməni hakimiyyət təmsilçilərinin dediyi kimi İrəvan üçün problemlər yaradacaq. Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar.

Qarabağ məsələsini gündəliyə qaytaranlar erməni xalqını köləlikdə saxlamaq istəyənlərdir. Soyqırımı dövlət siyasətindən çıxarıb böyük yox, real Ermənistanda yaşamaq istəyənlər ölkələrinin poliqona, geosiyasi alətə və silaha çevrilməsinin tarixi nəticələrini ağır şəkildə ödəyiblər. İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qarabağ zəfəri onu imperiya maraqları üçün istismar edən dövlətlərin Azərbaycan və Ermənistan üzərində qurduqları çoxəsrlik əsarətə də son qoyub. Deməli, biz təkcə torpaqlarımızı yox, siyasi azadlığımızı da qazanmışıq. Qarabağ Azərbaycanın milli azadlığının tam və bütövləşmiş simvoludur. İndi ölkəmizin ərazisindən Ermənistanın neft məhsulları daşınır, xarici yük daşımalarına tranzit bərpa olunub. İqtisadi əlaqələrin başlanması sülh tərəfdarlarının mövqeyini gücləndirir və Qarabağ üzərindən xarici təzyiqlərə də son qoyur. Ona görə də Bakıdan çox İrəvanın düşmənlərinin namizədləri 90-cı illərdəki babalarının aqibətindən dərs çıxarsınlar. Düşmənçiliyin ideoloqu Zori Balayan da 91 illik ömrünü mükafatdan çox cəza kimi başa vurdu".

NURİYYƏ

Избранный
46
12
redaktor.az

10Источники