Tbilisi, 8 may, AZƏRTAC
Mayın 8-də Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Zamanın hüdudlarını aşan şəxsiyyət” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Rezo Həsənov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, onun Azərbaycan-Gürcüstan dostluq münasibətlərindəki rolu barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Sonra Bolnisi rayonunun ziyalıları, müəllimləri və ictimai fəalları çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki xidmətlərindən və dünya azərbaycanlılarının birliyi istiqamətində gördüyü mühüm işlərdən bəhs ediblər. Eyni zamanda, onun Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı söylədiyi dəyərli fikirlər və göstərdiyi diqqət xüsusi vurğulanıb.
Natiqlər Ümummilli Liderin zəngin siyasi irsi və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə fikirlərini bölüşüblər.