RU

Azərbaycan tarixini dəyişdirən əfsanə - HEYDƏR ƏLİYEV

“Azərbaycan xalqının taleyində silinməz iz qoymuş, müasir dövlətçilik tariximizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram hissi ilə qeyd edirik”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 10 May tarixi Azərbaycanın dövlətçilik iradəsinin, milli qürurunun və siyasi müdrikliyinin təcəssümüdür:


“Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqı üçün təhlükə qarşısında qalan dövlətin xilaskarı, parçalanmaq təhlükəsi yaşayan xalqın birliyə qovuşması, ümidsizliyin içindən doğan böyük inam deməkdir. XX əsrin sonlarında ölkəmizin üzləşdiyi ağır sınaqlar zamanı xalq məhz Ulu Öndər Heydər Əliyev şəxsiyyətində öz nicatını gördü. Tarixi şəxsiyyət Heydər Əliyev xalqını sevən, dövlətini qoruyan və gələcəyi görən lider idi”.

Millət vəkili qeyd edib ki, Ulu Öndərin siyasi fəaliyyəti Azərbaycanın bütün sahələrdə inkişaf strategiyasının əsasını təşkil etdi:
“Güclü dövlət idarəçiliyi, milli maraqlara söykənən xarici siyasət, ordu quruculuğu, iqtisadi inkişaf və milli-mənəvi dəyərlərin qorunması Ulu Öndər Heydər Əliyev məktəbinin əsas sütunlarıdır. 

Bu gün Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olan güclü dövlət kimi formalaşması həmin uzaqgörən siyasətin nəticəsidir. Xüsusilə qeyd etməliyik ki, Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. 

Bu müqəddəs amal möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi. Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir”.

Partiya sədri diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin mərkəzində hər zaman Azərbaycan insanı dayanırdı:
“Ulu Öndər gənclərə xüsusi diqqət ayırır, qadınların cəmiyyətdə rolunu yüksək qiymətləndirir, milli kimliyin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. Bu gün həyata keçirilən sosial siyasət, gənclərin inkişafına yaradılan imkanlar, milli-mənəvi dəyərlərimizin qorunması həmin siyasi xəttin davamıdır.

Ulu Öndərin dövlətçilik fəlsəfəsini yaşatmaq, milli maraqları hər şeydən üstün tutmaq və gələcək nəsillərə güclü Azərbaycanı ötürmək hər bir azərbaycanlının vəfa borcudur. Ümummilli Lider Heydər Əliyev irsi Azərbaycanın gələcəyidir”.

Günay Ağamalı onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq:
“Müstəqil və müasir Azərbaycanın banisi Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycanı bundan sonra da yeni zirvələrə aparacaq. Ruhunuz şad olsun, dahi insan”.

Elmir Mustafa

Избранный
19
50
hit.az

10Источники